Ölkəmizdə belə tədbirlərin keçirilməsi onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir
Bu gün yeniləşən dünyamızda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə daha çox iqtisadi-siyasi sabitlik və sülh lazımdır. Beynəlxalq platformalar vasitəsilə bu qəbildən olan mövzuların müzakirələrini təşkil edən dövlətlər, hökumətlər gözəl başa düşürlər ki, doğrudan da, bu gün davamlı inkişafa nail olmağın həllini, eləcə də formalaşmaqda olan yeni siyasi arxitekturanı daha yaxşı, səmərəli təşkil etmək üçün əsas mexanizm kimi sağlam dialoqu və əməkdaşlığın gücləndirilməsini dəyərləndirmək olar.
Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu uğurla nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxvektorlu iqtisadi siyasət, tətbiq edilən mükəmməl idarəçilik modeli nəinki Cənubi Qafqaz, artıq Mərkəzi Asiya regionunun da inkişafında əhəmiyyətli təsirə malikdir.
Ümumiyyətlə, ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli formatlarda qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ortaya qoyur, regionun dövlət başçılarının yüksəksəviyyəli görüşlərində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edir.
Keçdiyimiz günlərdə bu münasibətlərə Birləşmiş Millətlər Təşkilatının çətiri altında Azərbaycan tərəfindən yeni nəfəs verildi, tarixdə ilk dəfə olaraq BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın dövlət və hökumət başçılarının Zirvə görüşü məhz Bakı şəhərində baş tutdu.
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb. SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarətdir.
Deputatın fikrincə, SPECA-nın yaranmasının 25-ci ildönümü münasibətilə 24 noyabr 2023-cü il tarixində keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, daha sonra görüşdə iştirak edən dövlətlərin başçıları ilə SPECA-nın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması ölkəmizin təsisat üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işləri ortaya qoydu.
Prezident İlham Əliyevin dəvəti ilə Zirvə Görüşündə Gürcüstanın və Macarıstanın baş nazirləri, həmçinin Körfəz Əməkdaşlıq Şurasının baş katibinin fəxri qonaqlar qismində iştirak etmələri daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Ümumiyyətlə, bu təşəbbüslər, əlbəttə ki, Azərbaycanın apardığı ardıcıl siyasətin, nail olduğu siyasi sabitlik və müstəqil iqtisadiyyatın təzahürüdür. Prezident İlham Əliyevin Zirvə Görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, “Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir.
Prezident İlham Əliyev çıxışı zamanı Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı çoxəsrlik tarixi və mədəni əlaqələrin bağlaması ilə yanaşı, nəqliyyat və logistika sahələrində mövcud əməkdaşlığımıza da toxundu. Ölkə başçısı Azərbaycanın bu sahədə etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi üçün milyardlarla ABŞ dolları həcmində qoyduğumuz sərmayənin SPECA ölkələrinin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsində nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.
Təsadüfi deyil ki, BMT üçün SPECA-nın əhəmiyyəti öncəki illərlə müqayisədə artmaqdadır. Bu il BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edilib, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis olunub. Azərbaycan öz növbəsində Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Qeyd edim ki, BMT-nin altstrukturlarından olan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) SPECA çərçivəsində fəaliyyətlərə dəstək verir. Cari ildə, 19-20 oktyabr 2023-cü il tarixlərində UNECE-nin təşkilatçılığı ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Regional Konfransda da Azərbaycan Respublikasının nümayəndə heyəti, o cümlədən Milli Məclis də yüksək səviyyədə təmsil olunmuşdu.
Yüksələn xətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir. Bu məqam çıxışı zamanı ölkə başçısı tərəfindən xüsusi vurğulandı və bu dövlətlərin payı yüksək qiymətləndirildi. Prezident İlham Əliyev qardaş Özbəkistan və Qazaxıstanın Azərbaycan xalqı üçün hədiyyə olaraq inşa etdiyi məktəb və yaradıcılıq mərkəzindən bəhs edərək, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə tədbirlərin görüldüyünü qeyd etdi.
Qarabağımızın cənnətə çevrilməsi istiqamətində görülən işlərə Mərkəzi Asiya regionu ölkələrinin cəlb olunması həm Azərbaycana xarici investisiya axınının həcmini artıraraq yeni əməkdaşlıq istiqamətləri açır, eləcə də Böyük Qayıdışın daha da sürətlənməsinə şərait yaradır.
Beləliklə, Qarabağ Azərbaycan xalqının qürur, fəxarət mənbəyi olmaqla yanaşı, eyni zamanda, dünyada sülhün, ədalətin və qarşılıqlı əməkdaşlığın mərkəzinə çevrilməkdədir.
Kərimov Qara,
YAP-ın fəalı