Analitika

Ölkəmizdə bu cür tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq arenada tutduğu özünə məxsus mövqedən xəbər verir

1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdi. 50 ildən sonra bu konqres yenidən Bakıda keçirilir.

Beynəlxalq Astronavtika Konqresi ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı edib. Ölkəmizdə bu cür tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq arenada tutduğu özünə məxsus mövqedən xəbər verir.

Azərbaycan son illər ərzində bir sıra regional və qlobal miqyaslı layihələrin iştirakçısı və təşəbbüskarı olmaqla gələcəyə hesablanmış bir çox planlarını artıq reallığa çevirib. Bununla belə ölkəmizin ən böyük strateji məqsədlərindən biri də kosmosda öz mövcudluğunu təmin etməkdir. Buna görə də Azərbaycanda bu gün uzaq strategiyaları hədəfləyən kosmik sənayenin inkişafı istiqamətində iş aparılır. 2008-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında etdiyi çıxışında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğuladı və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər verdi. Hazırda Yerin orbitində üç peyki olan Azərbaycan artıq on ildən çoxdur ki, beynəlxalq kosmik ailənin üzvüdür və ölkəmizdə kosmik sənayenin inkişafı uğurla davam etdirilir.

Cari ilin 2 oktyabr tarixində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanda kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcəyini vurğuladı. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi barədə qərar, ilk növbədə, Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində geniş təşkilatçılıq təcrübəsinin olması ilə bağlıdır. Digər tərəfdən, ölkəmiz “Kosmik klub”un fəal üzvüdür, bu sahədə aktiv işləyir, sürətlə inkişaf edir. Ölkə başçısı cənab İlham Əliyev çıxışında bu nüfuzlu tədbirin respublikamızda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdıraraq qeyd etmişdir: “Biz Azərbaycanda bu sahəni inkişaf etdirməyə böyük maraq göstəririk. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir”.

Beləliklə, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə əvəzolunmaz imkanlar yaradacaqdır.

Kərimov Qarabəy,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button