Ombudsmandan Quranın yandırılmasına etiraz məktubu
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb.
Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və İslamofobiya ilə mübarizənin arzuolunan səviyyədə olmadığını göstərdiyini bildirib.
Məktubda İslam dininə bu cür hörmətsizliyə qarşı İsveç polisinin etinasız münasibətinin qəbul edilməz olduğu qeyd olunub.
Yekunda Azərbaycan Ombudsmanı bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması və dini nifaq yaradan əməllər törədən şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi üçün İsveçin Bərabərlik üzrə Ombudsmanı tərəfindən lazımi addımların atılacağına ümidvar olduğunu qeyd edib.