“Ordan-burdan” teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər: “Elə bilirdik, vəfat edib”

“Ordan-burdan” teletamaşasının qəhrəmanları 40 ildən sonra görüşüblər.
Bu barədə “Reportyorinfo.az” mədəniyyət yazarı, kino araşdırmaçısı Vasif Ayan məlumat verib.
O bildirib ki, sözügedən tamaşanın aktyorları Tahir Yaqubov və Hacı İsmayılov uzun müddət sonra yenidən bir araya gəliblər:
“Bir müddət öncə rejissor Ramiz Həsənoğlu “Şəxsi Əşyalar” verilişimin qonağı olanda “Ordan-burdan” (1987) tamaşası haqqında danışdıq. Orada Hacı İsmayılov rəqs səhnəsində “Salman bəy də avto alar” mahnısını oxuyur. Mahnının ikinci hissəsində bir nəfər qəlyan çəkərək segah deyir. Təbii ki, səs Qulu Əsgərovun səsidir, aktyor isə Tahir Yaqubovdur. O, uzun illər teatrlarda rəhbər, inzibatçı, gözətçi vəzifələrində çalışıb. Bu səhnəyə onu Ramiz Həsənoğluya Yaşar Nuri məsləhət görübmüş. Beləcə, Ramiz Həsənoğlu onu epizoda çəkir, bəstəkar Cavanşir Quliyevlə birgə xanəndə Qulu Əsgərovun səsini lentə yazırlar. Tahir Yaqubov tamaşanın ən maraqlı epizodlarından birində yer alır.
Uzun müddət Tahir Yaqubovdan xəbər olmadığından elə bilirdik, vəfat edib. Elə verilişdə də onu xatırlayandan “vəfat etmiş” bilirdik. Bir neçə müddət öncə Ramiz Həsənoğlu mənə Tahir müəllimin nömrəsini mesajla göndərdi və bildirdi ki, “qəlyan çəkən aktyor sağdır, Vasif”. Çox sevindik. Sonra mən Tahir Yaqubovla zəngləşdim, pozitiv və səmimi söhbətimiz alındı. Qərara aldıq ki, bu gün görüşək. Hacı İsmayılov isə bilmirdi ki, mən onunla kimi görüşdürmək istəyirəm. Tahir bəy görüşə gələn müddətdə Teatr Xadimləri İttifaqında Hacı müəllimlə görüşüb, ona sürpriz bir görüş hazırladım. Sadəcə, bildirdim ki, tamaşaların birində birlikdə çəkildiyiniz aktyorla sizi indi görüşdürəcəyəm. Ona da maraqlı gəldi. Dedi, otaqda gözləyirəm. Beləcə, Tahir Yaqubovla Hacı İsmayılovun görüşü baş tutdu. Uzun illərdi, onlar da bir-birlərini görmürdülər. Tamaşadan təxminən 38-40 il müddət keçmişdi”.