
Bakı Ekspo Mərkəzində baş tutan 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi, həmçinin “Baku Energy Forum” çərçivəsində Prezident İlham Əliyevin çıxışı ölkənin enerji siyasətində növbəti mərhələnin anonsu kimi dəyərləndirildi. Bu tədbirlər yalnız texnoloji və sənaye yeniliklərini deyil, həm də Azərbaycanın qlobal enerji gündəmindəki yerini bir daha təsdiqlədi.
Prezident çıxışında neft və qaz resurslarının səmərəli idarə olunmasının Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirildiyini vurğuladı. Eyni zamanda, yaşıl enerji sahəsinə keçid məqsədilə görülən işlər, xüsusilə günəş və külək enerjisi layihələri barədə məlumat verdi. Bu, enerji diversifikasiyasına verilən önəmi nümayiş etdirir.
Forumda səsləndirilən fikirlər, enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini də ön plana çıxardı. İlham Əliyev Azərbaycanın uzunmüddətli tərəfdaşlıq modelinə sadiqliyini ifadə etdi və regional sabitliyin enerji təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu bildirdi.
Açılış mərasimi, ümumilikdə, təkcə enerji sahəsinin nümayəndələrinin toplaşdığı tədbir deyildi – bu, Azərbaycanın strateji düşüncəyə əsaslanan və innovasiyaya açıq enerji siyasətinin canlı təqdimatı idi.
Turan Zeynalzadə
YAP Xəzər rayon təşkilatının fəalı