
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası çərçivəsində nazirlərin toplantısında çıxış edən İlham Əliyev Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərindən, regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edib. Prezident vurğulayıb ki, bu platforma enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır və tərəfdaş ölkələr arasında etibarlı dialoq mühiti yaradır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır.
Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsində yeni reallıq yaradıb. Bu nəhəng enerji layihəsi vasitəsilə Azərbaycan qazı Avropa bazarına çatdırılır və qitənin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verilir. Cənab Prezident İlham Əliyev çıxışında bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanın zəngin qaz ehtiyatları və mövcud infrastruktur imkanları gələcəkdə daha çox ölkənin bu layihədən faydalanmasına şərait yaradır. Bu baxımdan tərəfdaş ölkələrlə sıx əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı eyni zamanda Azərbaycanın enerji siyasətində yeni mərhələ kimi yaşıl enerji strategiyasını önə çəkib.
O qeyd edib ki, ölkə bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Xüsusilə günəş və külək enerjisi potensialı Azərbaycanın gələcək enerji balansında mühüm rol oynayacaq. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad edilmiş əraziləri də “yaşıl enerji zonası” kimi inkişaf etdirilir. Bu bölgələrdə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi həm ölkənin dayanıqlı inkişafına, həm də regionun enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.
Enerji sahəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu layihələr ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Sonda Prezident İlham Əliyev Azərbaycanın tərəfdaş ölkələrlə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayaraq bildirib ki, enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində birgə fəaliyyət gələcək illərdə də davam etdiriləcək. Bakı bu istiqamətdə beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platforma olaraq qalacaq.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



