
Azərbaycanın beynəlxalq arenada artan nüfuzu ardıcıl xarici siyasətin, milli maraqların qətiyyətlə müdafiəsinin və çoxtərəfli əməkdaşlığa verilən önəmin nəticəsidir. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini bir daha nümayiş etdirdi. Müxtəlif dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbir Azərbaycanın dialoq və əməkdaşlıq məkanı kimi əhəmiyyətini təsdiqlədi.
Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsiplərini diqqətə çatdırdı. Dövlət başçısı bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmətin beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bu prinsiplər Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərinin formalaşdırılmasında əsas istiqamətləri müəyyən edir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynamaq imkanı verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq Azərbaycanın regional proseslərdə iştirakını genişləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əlaqələr eyni zamanda regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə töhfə verir.
AQEM çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər təşkilatın inkişafına və fəaliyyət imkanlarının genişlənməsinə yönəlib. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, turizm, təhsil, elm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq dövlətlər arasında ortaq maraqların inkişafına xidmət edir. Laos Xalq Demokratik Respublikasının təşkilata üzv qəbul edilməsi də bu platformanın genişlənməsinin mühüm göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə həm milli maraqlarını müdafiə edir, həm də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verir. Bakı Zirvə Görüşü ölkəmizin diplomatik imkanlarını, təşkilatçılıq təcrübəsini və tərəfdaşlıq potensialını nümayiş etdirdi. Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılmasına verilən dəstək də ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən etimadın ifadəsidir.
Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini



