AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın strateji mövqeyini dünya ictimaiyyətinə çatdırdı

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək, milli maraqları qətiyyətlə müdafiə etmək və dünya ictimaiyyətinə regiondakı real vəziyyəti çatdırmaq baxımından strateji önəm daşıyır. Bu müsahibə Azərbaycanın müstəqil siyasət yürütməkdəki qərarlılığını və sülhə, əməkdaşlığa yönəlmiş addımlarını bir daha təsdiqlədi. Dövlət başçısının səmimi və aydın cavabları həm Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə izah etmək, həm də müxtəlif sahələrdə ölkənin strateji prioritetlərini nümayiş etdirmək üçün mühüm imkan yaratdı. Prezident müsahibəsində Qarabağ münaqişəsinin həlli və postmünaqişə dövrü barədə ətraflı danışaraq, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildiyini vurğuladı. O qeyd etdi ki, ölkəmiz münaqişədən sonra regionda dayanıqlı sülhün təmin olunması üçün səmərəli addımlar atır və bu məqsədlə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslər göstərir. Xüsusilə, Azərbaycanın keçmiş məcburi köçkünlərinin öz torpaqlarına qayıtması, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İlham Əliyev beynəlxalq ictimaiyyəti Ermənistanın destruktiv yanaşmasından əl çəkməsi üçün təsir göstərməyə çağırdı və Azərbaycanın regionda sülhə yönəlmiş səylərinin əhəmiyyətini vurğuladı. Dövlət başçısı müsahibədə Azərbaycanın enerji siyasətini də geniş şəkildə şərh etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və ölkəmizin etibarlı enerji tərəfdaşı kimi tanındığını diqqətə çatdırdı. Xüsusilə, Cənub Qaz Dəhlizinin uğurla istifadəyə verilməsi Azərbaycanın strateji əhəmiyyətini artırmaqla yanaşı, Avropa dövlətlərinin enerji mənbələrini diversifikasiya etməsinə şərait yaratmışdır. Prezident həmçinin Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərinə toxunaraq, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməkdə qərarlı olduğunu bildirdi. Bu istiqamətdə aparılan beynəlxalq əməkdaşlıq Azərbaycanın enerji sahəsində mövqeyini daha da gücləndirir. İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütməkdə qətiyyətli olduğunu vurğulayaraq, ölkəmizin heç bir blok və ya ittifaqın təsiri altında olmadan milli maraqlarını qorumağa davam etdiyini bəyan etdi. O, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası əsasında müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurduğunu qeyd etdi. Bu yanaşma Azərbaycanı qlobal siyasətdə etibarlı tərəfdaş kimi möhkəmləndirir və beynəlxalq arenada hörmət qazandırır. Müsahibə zamanı Prezident İlham Əliyev həmçinin regional və qlobal proseslərə də toxunaraq Azərbaycanın müxtəlif təşəbbüslərlə çıxış etdiyini və beynəlxalq əməkdaşlıqda fəal iştirak etdiyini bildirdi. O, Ermənistanın destruktiv mövqeyinin regionda gərginliyi artırdığını qeyd etdi və Ermənistan rəhbərliyini sülh sazişi ilə bağlı daha məsuliyyətli mövqe tutmağa çağırdı. Cənab Prezident vurğuladı ki, Azərbaycanın sülh və sabitliyə yönəlmiş strategiyası yalnız region üçün deyil, həm də qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə həm də ölkəmizin informasiya müharibəsində uğurlarını nümayiş etdirdi. Dövlət başçısının dəqiq və məntiqli cavabları Azərbaycanın haqq işini bir daha dünyaya çatdırdı və ölkəmizin mövqeyini möhkəmləndirdi. Bu müsahibə Azərbaycanın beynəlxalq münasibətlərdə sülh, sabitlik və əməkdaşlıq prinsipini rəhbər tutduğunu göstərməklə yanaşı, dövlətimizin geosiyasi əhəmiyyətini bir daha vurğuladı. Prezident İlham Əliyevin müsahibəsi, həmçinin Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Müsahibə vasitəsilə dövlət başçısı yalnız milli maraqları müdafiə etməklə kifayətlənmədi, eyni zamanda gələcək perspektivlər üçün də əhəmiyyətli mesajlar verdi. Azərbaycanın strateji planlarının açıq şəkildə ifadə olunması və ölkəmizin qlobal miqyasda daha da güclənməsinə yönəlmiş addımların izahı Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın sabit və uğurlu inkişaf yolunda olduğunu təsdiq edir.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button