AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev dövlətlərin suveren bərabərliyini beynəlxalq münasibətlərin əsası hesab edir

Müasir beynəlxalq münasibətlərin sabitliyi dövlətlərin hüquq qarşısında bərabərliyinin təmin olunmasından asılıdır. Heç bir dövlətin digər dövlətin suveren hüquqlarına müdaxilə etməməsi, ərazi bütövlüyünə hörmət göstərilməsi və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi sülhün qorunması üçün mühüm şərtlərdir. AQEM-in Bakı Zirvə Görüşündə bu prinsiplər Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri kontekstində diqqətə çatdırıldı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın bərabərhüquqluluq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirdi. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinə qarşı çıxaraq bütün ölkələrə eyni hüquqi meyarlarla yanaşılmasının vacibliyini vurğuladı. Bu mövqe dövlətlərin suveren bərabərliyinin qorunmasına yönəlmiş prinsipial yanaşmanı əks etdirir.

Azərbaycanın keçmişdə üzləşdiyi işğal problemi beynəlxalq hüququn ardıcıl tətbiq edilməsinin əhəmiyyətini aydın şəkildə göstərir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etsə də, həmin qərarlar uzun müddət icra olunmadı. Prezident İlham Əliyev bu tarixi təcrübəni xatırladaraq beynəlxalq qərarların real nəticələrlə müşayiət olunmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərinin əhəmiyyətli hissəsini işğaldan azad etdi, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyini tam bərpa etdi. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır. Dövlət başçısı münaqişənin nəticələrini təqdim etməklə yanaşı, sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini də vurğuladı.

Prezident İlham Əliyevin beynəlxalq tribunadan səsləndirdiyi fikirlər dövlətlərin suveren bərabərliyinin yalnız siyasi bəyanatlarda deyil, praktikada da təmin edilməli olduğunu göstərir. Beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və dövlətlərin legitim maraqlarının nəzərə alınması davamlı sülhün əsas şərtlərindəndir. Azərbaycanın AQEM çərçivəsində irəli sürdüyü yanaşma bu prinsiplərin möhkəmləndirilməsinə xidmət edir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button