AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına müsahibə verib: Sülh prosesi və enerji gündəliyi ön planda

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın enerji siyasətinin yeni mərhələyə keçdiyini bildirib. 2025-ci ildə ixrac imkanlarının genişlənməsi ilə Azərbaycan artıq on ölkəyə qaz tədarük edir və bu ölkələrin böyük əksəriyyəti Avropa İttifaqının üzvüdür. Dövlət başçısı qeyd edib ki, bu proses təkcə enerji ixracı deyil, həm də Azərbaycanın geosiyasi çəkisinin artması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident bildirib ki, qarşıdakı illərdə əlavə qaz tədarükü üçün mövcud infrastrukturun gücləndirilməsi, yeni sazişlərin imzalanması və Avropa ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir. O, vurğulayıb ki, Azərbaycanın enerji resurslarına tələbat artır və bu, ölkənin mövqeyini daha da möhkəmləndirir.
Bərpa olunan enerji ilə bağlı planlara toxunan Prezident, 2030-cu ilə qədər altı min meqavatlıq generasiya gücünün yaradılacağını qeyd edib. Artıq işğaldan azad olunmuş ərazilərdə 300 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur. Bu addımlar daxili enerji tələbatının təmiz mənbələrlə ödənilməsini və təbii qazın daha çox hissəsinin ixraca yönəldilməsini təmin edəcək.
Müsahibədə sülh prosesi ilə bağlı son vəziyyətə də toxunulub. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret təkliflər irəli sürülüb və Bakı konstruktiv yanaşma nümayiş etdirir. Zəngəzur dəhlizi məsələsi bu kontekstdə xüsusilə vurğulanıb. O bildirib ki, bu dəhliz təkcə nəqliyyat layihəsi deyil, həm də regionun geosiyasi arxitekturasını dəyişəcək strateji xəttdir.
Dövlət başçısı onu da qeyd edib ki, sülh sazişi ətrafında gedən danışıqlar real nəticə verməyə başlayıb və qarşılıqlı etimad üçün yeni imkanlar yaranır. Azərbaycanın məqsədi sabit, açıq və qarşılıqlı hörmətə əsaslanan qonşuluq münasibətləridir.
Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan həm enerji sahəsində, həm də regionda sülhün bərqərar olunması istiqamətində təşəbbüskar və lider mövqeyini qoruyub saxlayır.

Musayeva Çinarə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button