AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev: Rəqəmsal İnkişaf Ölkənin Strateji Prioritetidir

11 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Tədbirdə dövlət idarəetmə orqanlarının rəhbərləri, nazirlik və komitə nümayəndələri, həmçinin rəqəmsal transformasiya sahəsinin mütəxəssisləri iştirak etdi. Dövlət başçısı çıxışında ölkənin rəqəmsal inkişaf strategiyasının əsas hədəflərini, qarşıya qoyulan prioritetləri və bu istiqamətdə atılacaq addımları ətraflı şəkildə şərh etdi.
Ölkə başçısı çıxışına bu tədbirin aktuallığı və əhəmiyyəti barədə fikirlərlə başladı. Dövlət başçısı bildirdi ki, rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, həm də ölkənin gələcək inkişafını müəyyən edən strateji sahədir. Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma ilə bağlı digər islahatlar artıq bir çox ölkələrin inkişafını istiqamətləndirir və bu meyillər Azərbaycan üçün də prioritet olmalıdır. Prezident qeyd etdi ki, bu sahədə əvvəlki illərdə müəyyən işlər görülüb, lakin gələcək üçün rəqəmsal inkişafın daha sürətləndirilməsi və vahid mexanizmlər əsasında həyata keçirilməsi vacibdir. Bu əsasda “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planının hazırlanması və tətbiqi nəzərdə tutulur.
Prezident İlham Əliyev Azərbaycanın unikal coğrafi mövqeyini rəqəmsal infrastruktur üçün strateji üstünlük kimi vurğuladı. O bildirib ki, Azərbaycan Asiya və Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində olması ilə rəqəmsal dəhlizlər üçün əlverişli potensiala malikdir. Bu mövzu ölkənin rəqəmsal transformasiyası üçün mühüm şərt kimi qiymətləndirilir. Bu kontekstdə dövlət başçısı nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik və data infrastrukturlarına çevrilməsi lazım olduğunu da xüsusi vurğuladı və mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd etdi. Həmçinin son 20 ildə ölkəyə yatırılan böyük həcmdə sərmayələrdən danışan İlham Əliyev, bunların rəqəmsal sahədə tətbiqinin əhəmiyyətini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycana qoyulan 350 milyard dollardan çox sərmayə ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, rəqəmsal sahədə innovativ layihələr üçün də möhkəm zəmin yaradır.
O əlavə etdi ki, transmilli şirkətlərlə əməkdaşlıqda əldə olunan təcrübə, layihələrin icrası və ölkənin investisiya iqlimi rəqəmsal sahədə də uğurlar əldə etməyə imkan verəcək. Prezident İlham Əliyevin çıxışına əsasən, hazırlanan vahid fəaliyyət planı rəqəmsal transformasiyanın bütün aspektlərini əhatə edir. Planın əsas məqsədi dövlət xidmətlərinin elektronlaşdırılması, süni intellektin tətbiqi və innovativ ekosistemin formalaşdırılmasıdır. Bu planın əsas sütunları dörd istiqamət üzrə müəyyən olunub:
1.Rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətlənməsi
2.Süni intellekt və onun tətbiqi
3.Innovasiya ekosisteminin inkişafı
4.Kibertəhlükəsizlik və mühafizə tədbirləri
Müşavirədə cənab Prezident tapşırdı ki, bu planın müddəaları konkret icra mexanizmləri ilə təmin olunsun və müvafiq qurumlar tərəfindən ardıcıl həyata keçirilsin. Və xüsusi olaraq vurğuladı ki, gələcəkdə bütün dövlət xidmətləri “mygov” platforması üzərindən vahid mərkəzdən təmin olunacaq və bu, vətəndaşlara rahatlıq yaradacaq. Belə ki, hər bir dövlət xidməti vətəndaş üçün layihələndirilərək bir pəncərədən həyata keçiriləcək. Bu yanaşma həm dövlətin işini daha şəffaf edəcək, həm də xidmətlərin göstərilməsini sürətləndirəcək.
Prezident İlham Əliyev çıxışında rəqəmsal sahədə peşəkar kadrların hazırlanmasının vacibliyini də vurğuladı. Təhsil sistemində rəqəmsal texnologiyalar, süni intellekt və informasiya texnologiyaları üzrə biliklərin genişləndirilməsinin zəruri olduğunu bildirdi. Bunun üçün ali təhsil müəssisələri ilə yanaşı, orta məktəblərdə də müvafiq proqramların tətbiqi vurğulandı. Hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi müavin və ya struktur vahidinin yaradılmasının vacibliyini qeyd edərək, bu, sahənin prioritet olaraq qəbul edilməsini və idarəetmədə məsuliyyətin aydınlaşdırılmasını təmin edəcəkdir deyə bildirdi.
Dövlət başçısı İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı ölkənin rəqəmsal transformasiya strategiyasını yeni mərhələyə daşıyır. Rəqəmsal xidmətlərin vahid platformada birləşdirilməsi, süni intellektin tətbiqi, kadr hazırlığı və innovasiya mühitinin inkişafı Azərbaycanın rəqəmsal ekosisteminin gücləndirilməsi üçün əsas prioritetlər kimi müəyyən olunub. Bu istiqamətdə atılacaq addımlar ölkənin gələcək inkişafına yeni təkan verəcək.

Təbriz Babayev,
Xəzər rayonu 326 nömrəli tam orta məktəb Tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button