AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri həm siyasi mesaj, həm də quruculuq nümunəsidir

“2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna növbəti səfəri həm siyasi, həm də tarixi baxımdan mühüm hadisə kimi yadda qaldı. Dövlət başçısının Kəlbəcər sakinləri ilə görüşü, yeni yaşayış komplekslərinin təməlqoyması, enerji və infrastruktur layihələrinin açılışı Böyük Qayıdış Proqramının real nəticələrini bir daha nümayiş etdirdi. Prezidentin “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri tarixə qayıdışın emosional təntənəsi idi. 32 ildən sonra öz doğma şəhərinə dönən kəlbəcərlilər üçün bu gün sadəcə məskunlaşma yox, həm də ədalətin bərpası günü oldu. Dövlət başçısının vurğuladığı kimi, “Azərbaycan xalqı öz torpaqlarına bağlı, iradəli xalqdır” və bu bağlılıq işğal dövründə inamı qoruyub, Zəfər gününə yol açıb”

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev açılışını etdiyi və təməlini qoyduğu obyektlərlə Kəlbəcərin gələcəyini aydın şəkildə göstərdi. Artıq sakinlər birinci yaşayış kompleksində evlərinə qovuşublar, digər yaşayış komplekslərin inşası isə sürətlə davam edir. Şəhərin parkı, müasir məktəbi, infrastruktur layihələri – su, qaz, işıq təminatı – Kəlbəcəri dünyanın ən gözəl dağ şəhərlərindən birinə çevirir. Dövlət başçısının sözləri ilə desək, “biz dağıdılmış şəhərləri, kəndləri qururuq, həyat qaytarırıq”. Kəlbəcərdə ard-arda açılan “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” Kiçik Su Elektrik Stansiyaları Azərbaycanın enerji potensialını gücləndirir, “Balland-Kəlbəcər” arıçılıq məhsulları mağazası isə rayonun təbii sərvətlərinin iqtisadiyyata qazandırılmasının nümunəsidir. Bu layihələr bir daha göstərir ki, Böyük Qayıdış yalnız yaşayış məskunlaşması deyil, həm də regionların dayanıqlı inkişafı deməkdir. Çıxışında Prezident İlham Əliyev bir daha 1990-cı illərdə Kəlbəcərin işğalının faciəvi nəticələrini xatırlatdı. Strateji əhəmiyyətinə görə Kəlbəcərin itirilməsi digər torpaqlarımızın işğalına yol açmış, xalqımızı ağır sınaqlarla üz-üzə qoymuşdu. Lakin 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanın gücünü və əzmini bütün dünyaya göstərdi. Azərbaycan “dəmir yumruq”la tarixi ədaləti bərpa etdi və artıq xalqımız müzəffər xalq kimi yaşayır.

O əlavə edib ki, Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi də məhz sülh və təhlükəsizlik mövzularına həsr olundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan heç kimə qarşı ərazi iddiası irəli sürmür, amma hər zaman ayıq və güclü olmalıdır: “Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir”. Müasir silahlarla gücləndirilən ordu, xüsusi təyinatlı qüvvələrin artırılması, yeni hərbi texnologiyalar ölkəmizin gələcək təhlükəsizliyinin təminatıdır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri həm siyasi mesaj, həm də quruculuq nümunəsidir. Azərbaycanın suverenliyi tam bərpa olunub, xalq öz tarixi torpaqlarına dönüb, quruculuq və inkişaf mərhələsi isə sürətlə davam edir. Bu gün Kəlbəcərin dağlarında səslənən ən mühüm söz Prezidentin çıxışında ifadəsini tapdı: “Bizim işimiz quruculuqdur. Biz dağıdılmış torpaqları dirçəldirik və gələcəyə inamla addımlayırıq”.

Oxşar Xəbərlər

Back to top button