
Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstana səfəri zamanı “Kazinform” agentliyinə müsahibə verib. Müsahibədə bir çox məsələlərə münasibətini bildirmişdi. Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanan münasibətlər qurulmuşdur. Biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sahibik. İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Qazaxıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin artıq 20 yaşı var. Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası – təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etməliyik. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənərək münasibətləri daha da inkişaf etdirib. Halhazırda Ali Dövlətlərarası Şura iki ölkə arasındakı münasibətləri yeni istiqamətdə inkişaf etdirməkdədir. Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür. Tarixi köklərimiz, xalqlarımızın mədəni oxşarlıqları bunu daha gücləndirir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd etməliyik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir. İqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.
Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirərək iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir. Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək etməliyik. Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Hər iki ölkə arasında aparılan qarşılıqlı əməkdaşlıq, dostluq əlaqələri etibarlı gələcək üçün əsasdır.
Mənzər Ağabəyova Pərviz qızı
Xəzər rayonu, 156 №litam orta məktəbin tarix müəllimi