
21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu Sinxua informasiya agentliyinə geniş müsahibə verib. Bu müsahibə ölkəmizin Çin ilə münasibətlərində yeni mərhələnin başlandığını göstərən əlamətdar hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev müsahibədə Azərbaycan ilə Çin arasındakı diplomatik əlaqələrin 30 ildən artıq bir tarixə malik olduğunu və bu münasibətlərin daim qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını vurğulayıb. O, qeyd edib ki, hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə ərazi bütövlüyü və suverenliyə hörmət göstərərək bir-birini daim dəstəkləyib. Prezident bu münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsində qiymətləndirərək, gələcək əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Müsahibədə regional nəqliyyat və logistika layihələrinə xüsusi yer verilib. Prezident Əliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Çinlə Avropa arasında ən qısa və təhlükəsiz marşrut olduğunu vurğulayıb. O, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının potensial imkanlarını və bu infrastrukturun “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq üçün əhəmiyyətini xüsusi qeyd edib. İlham Əliyev Çin Xalq Respublikasının sürətli iqtisadi inkişafını, sosial sabitliyini və beynəlxalq arenadakı artan nüfuzunu yüksək qiymətləndirib. Çin rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurların dünya üçün nümunə olduğunu qeyd edən İlham Əliyev, Çin xalqının zəngin tarixi və mədəni irsinin də qlobal mədəniyyətə mühüm töhfə verdiyini bildirib. İlham Əliyev Azərbaycan ilə Çin arasında münasibətlərin təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmadığını, həm də mədəniyyət, turizm, təhsil və texnologiya sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib. O, bu əlaqələrin qarşılıqlı fayda və bərabərlik prinsiplərinə əsaslandığını, tərəflərin ortaq strateji maraqlar çərçivəsində birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını vurğulayıb. Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi bu müsahibə, Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətləri, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq gələcəkdə daha da dərinləşəcək. Bu, regionda sabitlik və davamlı inkişaf üçün mühüm zəmin yaradır.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi