
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük diqqətə səbəb oldu. Prezidentin çıxışında həm dostluq və qarşılıqlı əməkdaşlıq ruhu, həm də gələcək tərəfdaşlıq istiqamətləri aydın şəkildə ifadə olundu. İlham Əliyevin səmimi və dərin məzmunlu fikirləri Azərbaycan ilə Tacikistan arasında möhkəm dostluq əlaqələrinin bariz göstəricisidir.
Azərbaycanla Tacikistan arasında münasibətlər qarşılıqlı etimada, hörmətə və sarsılmaz dostluğa əsaslanır. İki xalqı birləşdirən ortaq tarix və mədəni dəyərlər bu münasibətlərin gələcəkdə daha da güclənəcəyinə inam yaradır.
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə görə təşəkkürünü ifadə etdi. O vurğuladı ki, bir vaxtlar işğal altında qalmış və dağıdılmış Laçın bu gün yenidən qurularaq müasir, abad və gözəl şəhərə çevrilib. Bu, Azərbaycan xalqının yenilməz iradəsinin, quruculuq əzminin və doğma torpaqlara olan sevgisinin parlaq nümunəsidir.
Prezidentin nitqində xüsusi önəm verilən mövzulardan biri də III MDB Oyunları idi. 28 sentyabrdan 8 oktyabra qədər Gəncə şəhəri və ölkəmizin digər altı şəhərində keçirilən bu yarışlarda 13 ölkədən 1600-dən artıq idmançı iştirak edib. Bu möhtəşəm idman tədbiri MDB ölkələri arasında dostluğun və həmrəyliyin daha da möhkəmlənməsinə, eyni zamanda Azərbaycanın idman sahəsindəki inkişafını nümayiş etdirməyə xidmət edib.
Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz MDB məkanında etibarlı tərəfdaş, nüfuzlu dövlət və inkişafa yönəlmiş siyasətin aparıcı qüvvəsi kimi tanınır.
Zakir Şahverdi,
YAP-ın gənc fəalı