“Məlum olduğu kimi, Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. Hadisə baş verərkən Sankt-Peterburqa MDB Zirvə görüşünə gedən Prezident İlham Əliyev Bakıya qayıtdı, hava limanında operativ müşavirə keçirdi, onun göstərişi ilə Dövlət Komissiyası yaradıldı və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edildi. Heç şübhəsiz ki, hadisəyə dövlət səviyyədə bu xür çevik reaksiyanın verilməsi Prezident İlham Əliyevin xüsusi diqqəti və qətiyyətinin nəticəsi idi. Məhz bu səbəbdən də hadisə ilə bağlı ictimaiyyət daha dəqiq məlumatlarla təmin edildi, manipulyasiya etməyə çalışanların cəhdlərinin qarşısı alındı”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, hadisə ilə bağlı Prezident İlham Əliyev tərəfindən günahkar tərəf olan Rusiyaya müvafiq ciddi mesajlar verildikdən sonra Prezident Vladimir Putin üzrxahlıq etdi: “Lakin bu üzrxahlıq heç də hadisə ilə bağlı atılmalı olan addımları hərtərəfli şəkildə əhatə etmir. Çünki təyyarə qəzası ilə əlaqədar Azərbaycan tərəfinin Rusiyaya yönləndirilmiş tələbləri var. Bu tələbləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha ifadə edib. Belə ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Azərbaycan ictimaiyyəti ümid edir ki, şərtlər Rusiya tərəfindən qəbul ediləcək. Çünki bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”.