1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O gecə sovet qoşunlarının Bakı şəhərinə daxil olması ilə yüzlərlə günahsız insan öldürüldü, yaralandı və itkin düşdü. Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə hərbi gücə əl atdı. Lakin bu vəhşilik xalqın iradəsini sarsıtmadı, əksinə, onun milli birliyini və müstəqillik əzmini daha da möhkəmləndirdi. Hadisə nəticəsində şəhid olanlar Azərbaycan tarixində “20 Yanvar şəhidləri” kimi xatırlanır. Onların əziz xatirəsi hər il ölkə daxilində və xaricdə anılır. Bu faciə xalqın yaddaşında dərin iz buraxsa da, azadlıq uğrundakı mübarizənin sarsılmaz rəmzinə çevrildi. 20 Yanvar həm də Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqilliyini qazanmaq yolunda dönüş nöqtəsi oldu.
20 Yanvar faciəsi yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünyada azadlıq və müstəqillik uğrunda mübarizənin təcəssümü oldu. Bu hadisə, Sovet İttifaqının sönməkdə olan hökmranlığını və Azərbaycanın müstəqil bir dövlət olaraq öz yerini tutma istəyini nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. 20 Yanvar faciəsi Azərbaycan tarixində ən qanlı və dramatik hadisələrdən biri olaraq yaddaşlarda qalır.
Mustafayev Kamran,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi