AnalitikaGündəmSiyasət

Qanlı Yanvar xalqımızın tarixində həm faciə həm də qürur mənbəyi kimi əbədi yer alıb

Otuz beş il əvvəl, yanvarın 20-də, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və keçmiş SSRİ rəhbərliyinin bu təcavüzə dəstəyinə qarşı çıxan xalqımız Bakının küçələrinə axışaraq öz etirazını bildirdi. Lakin sovet ordusunun döyüş qüvvələrinin dinc əhaliyə qarşı yeridilməsi ölkəmiz üçün böyük bir faciəyə səbəb oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan və haqq səsini ucaldan dinc insanlara qarşı törədilən bu kütləvi terror nəticəsində yüzlərlə günahsız şəxs həyatını itirdi və yaralandı. Bu qanlı hadisələr, süqut ərəfəsində olan totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Həmin gün sovet hərbi maşınının həyata keçirdiyi vəhşiliklər bəşər tarixinə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi həkk olundu. 20 Yanvar faciəsi böyük itkilərlə yanaşı, xalqımızın mübarizə ruhunu, iradəsini və əyilməzliyini də dünyaya göstərdi.

20 Yanvar Azərbaycan tarixində təkcə hüzn günü deyil, eyni zamanda şərəf səhifəsidir. Xalqımız həmin gün böyük təhlükələr qarşısında mənliyini qorumağı, azadlıq və müstəqillik uğrunda mübarizədə sinəsini sipər etməyi bacardı. Bu faciə, xalqımızın hüquqlarının, suverenliyinin bərpası uğrunda mübarizə əzmini bir daha sübut etdi. Təəssüf ki, o dövrdə həm SSRİ, həm də Azərbaycandakı rəhbərlik bu qətliamın təşkilatçıları və icraçıları olduqlarından onun araşdırılması və cinayətkarların cəzalandırılması üçün heç bir tədbir görmədilər. Əksinə, bu qanlı hadisəni gizlətməyə çalışdılar. Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində rejimin qanlı cinayətlərini kəskin şəkildə ifşa etməsi xalqımıza təsəlli və dəstək oldu. O ağır günlərdə Heydər Əliyev xalqın yanında olaraq, onun səsini dünyaya çatdırdı. SSRİ rəhbərliyinin Azərbaycana qarşı mənfi mövqeyini açıq şəkildə ifadə edən Heydər Əliyev, eyni zamanda, ölkədə siyasi savadı olmayan, xalqın maraqlarını qorumaq əvəzinə mərkəzi hakimiyyətə boyun əyən şəxslərin rəhbər vəzifələrə gətirilməsini də kəskin tənqid etdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Soveti bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra, yalnız 1994-cü ildə, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Beləliklə, 20 Yanvar faciəsi yalnız bir hüzn günü olaraq deyil, xalqımızın qəhrəmanlıq, fədakarlıq və milli iradə rəmzi kimi tariximizdə xüsusi yer aldı. XX əsrin sonlarında Azərbaycan xalqı böyük itkilər versə də, milli ruhun sarsılmazlığı və mübarizə əzmi ilə dolu bir tarix qazandı. Bu hadisə xalqımızın haqq-ədalət uğrunda mübarizəyə, milli ləyaqətini qorumağa qadir olduğunu bütün dünyaya göstərdi.

Bu gün, Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi və yeni reallıqlar yaratdı. Bu ərazilərdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam edir, məcburi köçkünlər isə öz doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Qanlı Yanvar, xalqımızın tarixində həm faciə, həm də qürur mənbəyi kimi əbədi yer alıb. Bu səhifə şəhidlərimizin qanı ilə yazılmış və tariximizə əbədi həkk olunmuşdur.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button