Qarabağda böyük iqtisadi layihələr həyata keçirilir
“Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.” Dövlət başçısı İlham Əliyev sentyabrın 29-da 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının qatıldığı, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldı. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarında beynəlxalq statusa malik hava limanı istifadəyə verilib, Laçın rayonunda isə tikintisi davam edir. Azad edilmiş şəhərlərin Baş planları hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara diqqəti yönəldərək bildirdi ki, bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi sentyabrın 28-də açılıb. Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib. İnfrastruktura böyük vəsait ayrılıb. Bir neçə yaşayış layihəsi icra edilməkdədir. Cənab İlham Əliyev bu hədəfi açıqladı ki, 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulmalıdır. Çünki insanlar 30 ilə yaxın işğal dövründə çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar 30 il doğma yurd-yuvalarına qayıdacaqları günü gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazmaqla 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, soydaşlarımızın arzularını reallaşdırdı. Bu gün onların gözləntiləri tezliklə bu yerlərə qayıtmaqdır. Eyni zamanda, Prezident qeyd etdi ki, biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı: “Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı