AnalitikaGündəmSiyasət

Qarabağda suverenliyin və dirçəlişin rəmzi

Azərbaycanın müasir tarixində 20 sentyabr əlamətdar bir gün kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli sərəncamına əsasən bu tarix hər il “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü” kimi qeyd olunur. Bu qərar uzun və çətin bir mübarizənin, minlərlə azərbaycanlı igidin canı və qanı bahasına qazanılmış azadlığın, Ermənistanın və qondarma qurumların silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılmasının məntiqi nəticəsi və rəmzidir. Bu günün təsis olunması həm də azad edilmiş torpaqlarda suverenliyin tam bərpa edilməsini, dövlət bayrağımızın əzəmətlə dalğalanmasını və milli qürurumuzu ifadə edir.

2023-cü ilin 15 oktyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu, Azərbaycanın tarixi yaddaşında dönüş nöqtəsi kimi qalır. İlham Əliyev həmin gün çıxışında 20 il əvvəl prezident kimi xalqa verdiyi bütün vədləri – milli maraqların qorunmasını, ərazi bütövlüyünün bərpasını – həyata keçirdiyini vurğuladı. Onun sözlərinə görə, xalqımız bu günü 30 ildən artıq gözləmişdi, lakin heç vaxt inamını itirməmişdi ki, bir gün bayraq işğaldan azad olunmuş bütün şəhər və kəndlərdə qaldırılacaq.

Azadlıqdan sonra Xankəndi Azərbaycanın dövlətçilik rəmzlərinin və mühüm tədbirlərinin mərkəzinə çevrildi. 2023-cü il noyabrın 8-də burada Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam qələbəsi ilə nəticələndiyini, xalqın uzun illər ərzində bir nöqtəyə vuraraq bu müqəddəs günü yaxınlaşdığını dedi. Bu parad Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmən ordusunun təslim olması ilə başa çatan tarixi prosesin təntənəli nümayişi oldu. Azad edilmiş ərazilərdə dövlət quruculuğunun əsas istiqamətlərindən biri təhsil sahəsidir. Regionun iqtisadi potensialı və əmək bazarının tələbləri yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri etdi.

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndidə “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Bu ali təhsil müəssisəsi yalnız tədris deyil, həm də elmi, sosial və mədəni inkişafın lokomotivi kimi nəzərdə tutulur. Ərazi idarəetməsində də mühüm addımlar atıldı. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu yaradıldı. Bu qərar regionda idarəetmə və bərpa işlərinin daha səmərəli həyata keçirilməsinə xidmət edir. İşğaldan azad edilən torpaqlarda idman və mədəni həyat da bərpa olunur.

2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndidə keçirdi. Prezident İlham Əliyev bu görüşü şəxsən izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində keçirilən ilk rəsmi futbol oyunu oldu və simvolik məna daşıdı. Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə müntəzəm səfərləri azad olunmuş ərazilərin dirçəlişinin və görülən işlərin şəxsən nəzarətdə saxlanıldığının göstəricisidir.

2023-2025-ci illərdə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu bölgələrdə bayrağın qaldırılması, yeni yaşayış məhəllələrinin, məktəb, bağça, teatr, hotel, idman və biznes mərkəzlərinin açılışı, Novruz tonqalının alovlandırılması, müxtəlif sosial və infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bu səfərlər həm də sakinlərlə birbaşa ünsiyyət, onların qayğı və problemlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni qayğı Xocavənd, Xocalı və Ağdərəyə də şamil edilir. İlham Əliyev və birinci xanım Hadrutda, Böyük Tağlar, Edilli, Düdükçü, Tuğ, Azıx, Şükürbəyli, Qırmızı Bazar kimi kənd və qəsəbələrdə yolların, tunellərin, yarımstansiyaların, inzibati mərkəzlərin təməlqoyma və açılış mərasimlərində iştirak ediblər. Xocalıda Soyqırımı Memorialının təməli qoyulub, çoxmənzilli binalar bərpa olunub, hava limanı, elektrik infrastruktur layihələri, heyvandarlıq kompleksi, kərpic zavodu və tut bağları yaradılıb. Ağdərədə Sərsəng su anbarından yeni yol açılıb, Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılışı, Kolatağ və Vəngli kəndlərinin bərpası həyata keçirilib.

20 sentyabrın “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü” kimi qeyd olunması təkcə tarixi hadisələrin xatırlanması deyil, həm də Azərbaycan xalqının birliyi, qətiyyəti və ərazi bütövlüyü uğrunda mübarizəsinin təntənəsi kimi dəyərləndirilir.

Bu gün şəhidlərin xatirəsinə ehtiramın, dövlətin güc və iradəsinin, xalqın səbir və inamının rəmzidir. Bu tarix həm qürur, həm yaddaş, həm də gələcəyə inam günüdür və azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasının, dövlət bayrağımızın əzəmətlə dalğalanmasının, regionun sosial-iqtisadi inkişafının təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən məqsədyönlü işlər Qarabağ bölgəsini təkcə ərazi bütövlüyümüzün bərpasının deyil, həm də gələcək inkişaf və rifahın mərkəzinə çevirir.

Əhmədova Rüfanə ,
Xəzər rayonu, 183 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button