AnalitikaGündəmSiyasət

Qarabağın şəhərləri Azərbaycanın gələcəyinə çevrilir

Qarabağda baş verən dəyişiklikləri yalnız tikinti işlərinin miqyası ilə ölçmək mümkün deyil. Burada daha böyük bir proses gedir – uzun illər ərzində məcburi köçkünlük şəraitində yaşamış insanların doğma torpaqlarına qayıdışı və həmin torpaqlarda yeni sosial həyatın formalaşdırılması prosesi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu baxımdan Azərbaycanın gələcəyinə hesablanmış quruculuq siyasətinin mühüm ünvanlarıdır. 20 Sentyabrın həmin şəhərlərin günü kimi müəyyənləşdirilməsi də onların müasir tarixində yeni mərhələnin başlandığını göstərir.

 

Qarabağın yenidən qurulması çoxşaxəli prosesdir. Burada yalnız dağıdılmış binaların yerində yeni tikililər ucaldılmır. Yeni yollar, kommunikasiya xətləri, məktəblər, sosial obyektlər, yaşayış məhəllələri və ictimai məkanlar yaradılır. Bu yanaşma Qarabağın sadəcə məskunlaşdırılmasını deyil, müasir və dayanıqlı yaşayış məkanlarına çevrilməsini hədəfləyir. Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin yaradılması kimi layihələr isə şəhərlərin ölkənin ümumi nəqliyyat sisteminə daha sıx bağlanmasına hesablanır.

 

Böyük Qayıdışın ən mühüm xüsusiyyəti insan amilidir. İnsanlar yalnız evlərinə qayıtmır, onlar öz doğma şəhərlərinin və kəndlərinin gələcəyində iştirak etmək üçün geri dönürlər. Xocalıda qayıdış prosesinin başlaması bu baxımdan mühüm hadisədir. Evlərin bərpası ilə yanaşı, sosial infrastrukturun yaradılması qayıdan insanların gündəlik həyatının təmin edilməsinə imkan verir. Təzəbinə kəndində həyata keçirilən bərpa işləri də bu prosesin konkret nümunələrindəndir.

 

Bu gün Qarabağ şəhərlərinə baxarkən onların yalnız keçmişini xatırlamaq kifayət deyil. Əsas məsələ həmin şəhərlərin gələcək potensialını görməkdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yeni yolları, yaşayış məhəllələri, sosial obyektləri və qayıdan sakinləri ilə Azərbaycanın gələcək inkişaf xəritəsində öz yerini tutur. Bu proses Zəfərin mənəvi və siyasi nəticələrini gündəlik həyata çevirir. Qarabağın yenidən qurulan şəhərləri sübut edir ki, Azərbaycan üçün Zəfər bir son deyil, daha böyük inkişaf yolunun başlanğıcıdır.

Könül Bəkirova,

YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button