AnalitikaGündəmMədəniyyət

Qarabağın Tacında Mətbuatın Qələbəsi

Şuşa şəhərində Milli Mətbuat Gününün qeyd edilməsi sadəcə bir peşə bayramı deyil, həm də tarixi ədalətin və milli qürurun təntənəsidir. Azərbaycan jurnalistləri ilk dəfə olaraq azad Şuşada öz bayramlarını keçirərək, bu qədim şəhəri informasiya cəbhəsinin də simvoluna çevirdilər. Tədbir, mətbuatın keçdiyi yola və Azərbaycanın müasir informasiya siyasətinə verilən böyük önəmin bariz nümunəsi kimi tarixə düşdü.

Milli mətbuatımızın əsası 1875-ci ildə “Əkinçi” ilə qoyulduğu gündən bu yana, o, daim xalqın səsini çatdıran bir güc olmuşdur. Həsən bəy Zərdabinin “xalq üçün, xalq dilində” prinsipi zaman keçsə də aktuallığını itirmədi. XIX əsrdə başlanan bu maarifçi və ideoloji mübarizə yolu, Azərbaycan xalqının milli şüurunun oyanışında, özünüdərkinin formalaşmasında misilsiz rol oynadı.

İşğaldan azad olunmuş torpaqlarda mətbuat tədbirlərinin keçirilməsi, medianın da bu zəfərin iştirakçısı olduğunun göstəricisidir. Bu, həm də simvolik bir addımdır: informasiya savaşı gedən bir dövrdə Azərbaycan jurnalistlərinin Qarabağda olması dövlətçilik ruhunun mediada yaşadığını nümayiş etdirir. Şuşada keçirilən tədbir bu baxımdan təkcə peşə bayramı deyil, həm də mətbuatın zəfər yürüşünün rəmzidir.

Azərbaycan mediası keçmişin prinsiplərinə sadiq qalaraq, bu gün də öz üzərinə düşən milli məsuliyyəti dərk edir və bu məsuliyyəti azad torpaqlarda daha da qürurla daşıyır. Şuşada keçirilən tədbir həm tarixə hörmətin, həm də gələcəyə inamın simvoludur.

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button