AnalitikaDünyaGündəmSiyasət

Qarşılıqlı səfərlərdən müttəfiqlik mərhələsinə: Azərbaycan–Özbəkistan əlaqələrinin yeni siyasi yüksəlişi

Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər sadəcə diplomatik protokol xarakteri daşımayıb, Azərbaycan ilə Özbəkistan arasında mövcud olan siyasi etimadın və qarşılıqlı hörmətin daha da möhkəmləndirilməsinə mühüm töhfə verib. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin geniş gündəliyi ilə yanaşı, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsinin aparılması iki dövlətin bir çox məsələlər üzrə mövqelərinin yaxınlığını nümayiş etdirib. Belə intensiv siyasi təmaslar münasibətlərin strateji xarakterinin daha aydın şəkildə ortaya çıxmasına şərait yaradıb.

Azərbaycan və Özbəkistanın müstəqil dövlətlər kimi milli maraqlarına əsaslanan xarici siyasət yürütməsi onların qarşılıqlı münasibətlərinə xüsusi məzmun qazandırır. Hər iki ölkə öz dövlət suverenliyinə, ərazi bütövlüyünə və milli inkişaf prioritetlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, Bakı ilə Daşkənd arasında formalaşan tərəfdaşlıq məcburi siyasi yaxınlaşmadan deyil, qarşılıqlı maraqlara, bərabərhüquqlu əməkdaşlığa və uzunmüddətli strateji baxışlara əsaslanır. Dövlət başçılarının şəxsi münasibətləri və siyasi iradəsi isə bu təbii yaxınlığın dövlətlərarası əlaqələr müstəvisində daha möhkəm və sistemli xarakter almasına imkan verib.

Qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin institusional əsaslarını əhəmiyyətli dərəcədə gücləndirib. Siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranıb. Bu proses iki ölkənin yalnız siyasi müstəvidə deyil, real iqtisadi və humanitar layihələr vasitəsilə də bir-birinə daha sıx bağlanmasına xidmət edir. Xüsusilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndiyi indiki mərhələdə Azərbaycan və Özbəkistanın əməkdaşlığı regional inteqrasiya baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Azərbaycan və Özbəkistan arasında uzun illər ərzində formalaşmış dostluq və qardaşlıq əlaqələrinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. İki ölkənin dövlət başçıları arasında qarşılıqlı səfərlərin davamlı xarakter alması, qəbul edilən strateji qərarlar və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin güclənməsi bu münasibətlərin gələcək perspektivlərinin kifayət qədər geniş olduğunu göstərir. Azərbaycan və Özbəkistanın güclü dövlətçilik ənənələrinə, müstəqil siyasi iradəyə və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Türk dünyasında birlik və həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Bu baxımdan, dövlət başçılarının qarşılıqlı səfərləri iki qardaş ölkə arasında təbii yaxınlığın siyasi və hüquqi müstəvidə daha möhkəm müttəfiqlik modelinə çevrilməsinin əsas amillərindən biri olub.

Günay Şahverdiyeva,
YAP Xəzər RT-ı gənc fəalı

Oxşar Xəbərlər

Back to top button