
Azərbaycan və Qazaxıstan xalqları əsrlər boyu ortaq tarixi, mədəni və mənəvi bağlarla bir-birinə bağlı olmuşlar.
Hər iki xalq türkdilli ailəyə mənsub olmaqla yanaşı, ortaq dəyərləri, dinləri və ənənələri paylaşır.
Bu mənəvi yaxınlıq son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə də özünü göstərməkdədir.
Xüsusilə Qarabağ bölgəsinin azad edilməsindən sonra Qazaxıstanın Azərbaycana göstərdiyi dəstək qardaşlıq münasibətlərinin bariz nümunəsinə çevrilmişdir.
2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.
Bu prosesdə dost və qardaş ölkələrin dəstəyi mühüm rol oynadı.
Qazaxıstan Respublikası ilk günlərdən etibarən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, sonradan isə praktiki yardımlarını da əsirgəməmişdir.
Qazaxıstan hökumətinin təşəbbüsü ilə Füzuli şəhərində “Qazaxıstan məktəbi”nin inşası layihəsinə start verilib.
Bu layihə yalnız maddi yardım deyil, həm də mənəvi həmrəyliyin təzahürüdür.
Məktəbin inşası iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın dərinləşməsinə, Qarabağın yeni nəsillərinin qardaş Qazaxıstanla sıx əlaqə qurmasına zəmin yaradacaq.
Qarabağın bərpası təkcə sosial infrastrukturun qurulması ilə məhdudlaşmır.
Qazaxıstan şirkətləri də regionda müxtəlif iqtisadi layihələrdə iştirak etmək niyyətini bildirmişlər.
Nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq imkanları genişlənir.
Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, Qarabağın iqtisadi dirçəlişinə yeni impuls verə bilər.
Eyni zamanda, Qazaxıstan ictimaiyyəti, QHT-ləri və media nümayəndələri də Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına dəstək verir.
Bu, informasiya müharibəsində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edir.
Qazaxıstanın Qarabağın dirçəlişinə verdiyi dəstək, türkdilli dövlətlər arasında həmrəyliyin parlaq nümunəsidir.
Bu həmrəylik təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır.
Qarabağın yenidən dirçəlişi və inkişafı prosesində Qazaxıstanın dost əli, Azərbaycan xalqı üçün qardaş məhəbbətinin simvolu kimi yadda qalacaq.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



