Bildiyimiz kimi, dekabrın 25- də Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı–Qroznı reysini yerinə yetirən təyyarəsi Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəza enişi edib. Məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb. Hadisə ilə əlaqədar Azərbaycanda matəm elan edilib.
İzi itirməyə çalışan Rusiya tərəfi Qazaxıstana təyyarənin oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduğu barədə yanlış məlumat verib. İlkin məlumatlara görə təyyarədə yaranan nasazlığın səbəbi havada olarkən quş sürüsü ilə toqquşma bildirilsə də, sonradan onun vurulduğu aşkar olunmuşdur.
Faciənin baş verdiyi andan Qazaxıstan Respublikası öz köməyini əsirgəməmişdir. Qəzanın ardınca fövqəladə hallar, təcili yardım xidmətlərinin əməkdaşlarının qəza yerində işlədiyi görünür. Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirmişdir. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi. Başlıcası, onu bildirmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb. Qazaxıstan Qan Bankı Mərkəzi xəsarət alanların müalicəsi üçün qan verilməsinə ehtiyac olduğunu elan etdikdən sonra qanvermə aksiyasına qoşulmaq üçün yüzlərlə insan toplaşıb. Qazaxıstan ictimaiyyəti dərin anlayış nümayiş etdirdi: Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısında gül dəstələri qoyuldu. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb. Bu cür addımlar faciələr zamanı beynəlxalq həmrəyliyin vacibliyini göstərir ki, qazax xalqı da gördüyümüz kimi, əlindən gələnini etdi.
Onu da qeyd etmək yerinə düşərdi ki, hadisədən sonra Möhtərəm Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edərək ona öz təşəkkrürünü bildirmişdir. Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.
Hələ Qarabağ münaqişəsi zamanı ölkəmizi dəstəkləyən və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində fəal iştirak edən Qazaxıstanın, bu ağır günlərimizdə xalqımıza dəstəyi onun dost və qardaşlığa sadiqliyinin açıq göstəricisidir!
Abbasova Zümrüd,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin direktoru