“Qərbi Azərbaycan rəqəmsal arxivlərdə: Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihənin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə icra edilən “Qərbi Azərbaycan rəqəmsal arxivlərdə: Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihə çərçivəsində “Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənclərin tədqiqatlarında” adlı kitab və uzun formatlı araşdırma materialı (lonqrid) ictimaiyyətə təqdim edilib.
Reportyorinfo.az xəbər verir ki, Gəncə Dövlət Universitetində baş tutan təqdimat mərasimində layihə rəhbəri və Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvin Kərimzadə, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, eləcə də elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxışçılar layihənin əhəmiyyəti, onun Qərbi Azərbaycanla bağlı tarixi, geosiyasi və etnoqrafik həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı rolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə şəhər ictimaiyyəti, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, eləcə də müxtəlif sahələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Onlar layihə çərçivəsində hazırlanmış kitab və lonqrid haqqında geniş məlumat əldə edərək, təqdim olunan materialların elmi və praktiki əhəmiyyətini vurğulayıblar.
Layihənin əsas məqsədi Qərbi Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Zəngəzurun geosiyasi və etnoqrafik reallıqlarını, unudulmaqda olan milli adət-ənənələri, tarixi həqiqətləri bədii-estetik və elmi əsaslarla geniş ictimaiyyətə təqdim etmək, dünya miqyasında tanıtmaqdır.
Bu təşəbbüs, eyni zamanda, gənc alimlərin tarixi və etnoqrafik tədqiqatlara marağını artırmaq, onların elmi fəaliyyətlərini dəstəkləmək, elmi araşdırmaların daha geniş auditoriyaya çatdırılması üçün rəqəmsal arxivlər və müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədini daşıyır.
Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, layihə çərçivəsində gələcək tədqiqatların və fəaliyyətlərin istiqamətləri barədə fikir mübadiləsi həyata keçirilib. Həmçinin layihə çərçivəsində hazırlanan kitab iştirakçılara paylanılıb.