
“Martın 13-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda öz işinə başlayan XII Qlobal Bakı Forumu dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimi, o cümlədən 50 fəaliyyətdə olan və sabiq prezidenti, Baş naziri, həmçinin BMT strukturlarının rəhbərlərini, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsinə geniş imkanlar yaradır. Martın 15-dək davam edəcək Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. İstər Forum, istərsə də panel iclaslar üçün seçilən mövzulara diqqət yetirsək hazırkı dövrün çağırışlarını özündə ehtiva etdiyini görərik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib” söyləyərək onu da əlavə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu illər ərzində çox əla işlər gördüyü və belə bir mühüm beynəlxalq tədbiri təşkil etdiyi üçün təbrik edirəm. Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi. Bu, COP29-un uğuruna böyük töhfə idi. COP29 ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi”.
Azərbaycan daim əməkdaşlığa, sülhə, təhlükəsizliyə, qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır: “Prezident İlham Əliyevin hər bir çıxışı əməkdaşlığa, birgə səylərin göstərilməsinə, hədəfə nail olmaq üçün birgə addımların atılmasına çağırışlarla zəngindir. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunda diqqəti 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycanın dəstəyindən, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbirinin əhəmiyyətindən geniş bəhs etdi. Bildirdi ki, COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik.
Təbii ki, ölkəmiz bu addımı ilə yalnız özünü düşünmədiyini, köməyə ehtiyacı olanlara öz dəstəyini əsirgəmədiyini təsdiqlədi. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində fəal iştirakı beynəlxalq səviyyədə təqdir edildi. Mübarizənin ilk günündən səylərin birləşdirilməsinə çağırış edən ölkəmiz bu sahədə də təkmil təcrübə təqdim etdi. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsinin, sosial layihələrinin icrasının vacibliyi bildirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bir daha sübut olundu ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik”.
Azərbaycan iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə də öz davamlı töhfələrini verir: “COP29 tarixə Bakı nailiyyəti kimi yazıldı. Cənab İlham Əliyev XII Qlobal Bakı Forumunda ötən ilin mühüm hadisəsi olan COP29-da yüksək nəticələrin əldə olunmasında Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edərək bildirdi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən Qlobal Bakı Forumları Azərbaycan reallıqlarının təbliğində mühüm rol oynayır: “Artıq qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan olaraq belə tədbirlərə ev sahibliyi edirik. Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının regionda və dünya siyasətində yaratdığı yenilikləri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev şanlı Qələbəmizdən sonra Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklifindən və hazırkı vəziyyətdən danışaraq bildirdi ki, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır”.
Afaq Mustafayeva.,
YAP Xəzər rayon təşkilatının mühasibi