Qoşulmama Hərəkatı tarixinin ən uğurlu dövrünü keçirir

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirdə çıxış edən Prezident İlham Əliyev görüşün səmərəli və nəticəyönümlü müzakirələrlə yadda qalacağına əminliyini ifadə edib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə bu təsisat özünün çox uğurlu bir dövrünü yaşayıb: “İlk növbədə bu hərəkata üzv olan dövlətlər arasında koordinasiya yüksək səviyyəyə çatdırılıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı bir çox təşəbbüslərlə çıxış etdi. İlk növbədə, cənab İlham Əliyevin təşəbbüsü ilə ədalətli vaksin bölüşdürülməsi ilə bağlı BMT tərəfindən növbədənkənar xüsusi iclas keçirildi. Burada digər dövlətlərə vaksinlərin çatdırılması məsələsi müzakirə olundu. Bununla yanaşı, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv olan və ehtiyacı olan 80-dən çox dövlətə humanitar yardım göstərildi. Ölkəmizin sədrliyi dövründə çox önəmli məsələlərdən biri yalnız Azərbaycanın mövqeyi və maraqları deyil, bu təşkilata üzv olan bütün dövlətlərin maraqlarının qorunması üçün vacib addımlar atıldı.” Prezident Azərbaycanın qarşılaşdığı bir çox çətinliklərlə də bağlı öz fikirlərini bildirdi: “Xüsusilə də Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Zəngəzur dəhlizinin işə düşməsinə maneçilik törətməsi, həmçinin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq təxribatların törədilməsi və bütün bu baş verənlərin əsas səbəbkarının Ermənistan olmasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hər dəfə Qoşulmama Hərəkatı platformasında keçirilən görüşlərdə Azərbaycan öz reallıqlarını həmin dövlətlərə çatdırmaq üçün bu imkanı düzgün dəyərləndirir. Ermənistan-Azərbaycan münasibətlərində normallaşma ilə bağlı son vəziyyət haqqında bir növ həmin ölkələr məlumatlandırılır. Eyni zamanda, bügünkü toplantıda İran xarici işlər nazirinin iştirak etməsi də çox maraqlı bir məqam idi. Düşünürəm ki, Prezident İlham Əliyevin çıxışlarından İran tərəfi də öz payını götürəcək və anlayacaq ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın əldə olunması üçün səylərini səfərbər etmiş bir tərəfdir. Ermənistan isə təəssüflər olsun ki, bu proseslərdən qaçır və prosesləri öz xeyrinə dəyişmək istəyir.” İranın da gec-tez Ermənistanı yox, Azərbaycanı dəstəkləməsi ən düzgün seçim olardı: “Nəticə etibarilə bu, regionda sülhün və əmin-amanlığın daha tez və uzun müddətə qorunub saxlanmasına töhfə verərdi. Ümumilikdə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixinin ən uğurlu dövrünü keçirməkdədir. Gələcəkdə, hətta ölkəmizin bu təsisata sədrlik etmədiyi dönəmdə də Azərbaycanın təcrübəsindən, bu Hərəkatın idarəetməsinə gətirdiyi yeniliklərdən yararlanaraq təsisatı daha güclü formaya çatdırmaq mümkün olacaq. Azərbaycan həmişə Qoşulmama Hərəkatının aparıcı dövlətlərindən biri olaraq qalacaq. Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatına cənab Prezidentin rəhbərliyi ilə sədrlik etməsi və burada qazanılmış təcrübə dünya ictimaiyyətində əldə edilmiş müsbət rəy gələcəkdə digər böyük təşkilatlara da Azərbaycanın sədrlik etməsinə bir zəmin yaradacaq. Azərbaycan böyük platformalarda təşəbbüskar və ədalətli mövqedən çıxış edən dövlət olaraq həmişə öz statusunu qoruyacaq.”
Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi