Analitika

Qoşulmama hərəkatının fəaliyyətində Azərbaycan həlledici rol oynayır

1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində keçirilən konfrans yaddaqalan yığıncaqlardan hesab olunur, çünki həmin Zirvə görüşündə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan edildi. Bu həmin təşkilatdır ki, hal-hazırda 120 ölkəni özündə birləşdirir və Qoşulmama hərəkatı adlanır. Həmin ölkələr heç bir hərbi qruplaşmaya üzv olmamağı öhdələrinə götürüblər.

Hərəkatın prinsip və məqsədləri demokratik qaydalar əsasında təyin edilib və müasir dünyamızda sülhün, ədalətin qorunması üçün işlər görülür. İnsan hüquq və azadlıqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əsas iş prinsiplərinə aiddir. Hərəkatın daimi mənzil qərargahı yoxdur. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri hərəkatın ən ali toplantısı hesab edilir.

Qoşulmama Hərəkatı 1945-ci ildə yaradılmış BMT-dən sonra dünyada ən böyük və mötəbər beynəlxalq təsisat hesab olunur. Prezident İlham Əliyevin cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı zamanı dediyi kimi “2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra “Covid-19”a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etdi.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. İclas Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyır.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button