AnalitikaGündəmSiyasət

Qubadlının azadlığı həm də ordumuzun taktiki bacarığının və müasir hərbi strategiyanın uğurlu tətbiqinin göstəricisi oldu

2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əbədi iz buraxan bir dövr oldu. 27 sentyabrda başlayan bu haqq müharibəsi Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etmək məqsədi daşıyırdı. Hər bir gün, hər bir əməliyyat bu böyük qələbəyə doğru atılan addım idi. Lakin müharibənin gedişatında bəzi hadisələr və əməliyyatlar elə mühüm rol oynadı ki, onlar döyüşlərin istiqamətini dəyişərək qələbəni daha da yaxınlaşdırdı. Bu baxımdan Qubadlının 25 oktyabr 2020-ci ildə azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi kimi dəyərləndirilir.

Qubadlı strateji baxımdan çox mühüm mövqedə yerləşir. O, həm Laçın, həm də Zəngilan istiqamətlərini birləşdirən, Ermənistanla sərhəd yaxınlığında yerləşən vacib bir ərazidir. Qubadlının işğaldan azad olunması Azərbaycan Ordusuna Laçın dəhlizinə – yəni düşmənin əsas təchizat xəttinə doğru irəliləmək imkanı yaratdı. Bu, həm də Şuşa istiqamətində keçiriləcək son əməliyyatlara zəmin hazırladı. Beləliklə, Qubadlının azadlığı təkcə bir şəhərin qaytarılması deyil, ümumi müharibə planında tarazlığın Azərbaycanın xeyrinə dəyişməsi demək idi.

Müharibənin ilk mərhələlərində Azərbaycan Ordusu Cəbrayıl və Füzulini azad etməklə düşmənin cənub müdafiə xəttini yarmağa nail oldu. Ardınca Zəngilanın azad edilməsi və nəhayət, 25 oktyabrda Qubadlının alınması ordumuzun üstünlüyünü tam möhkəmləndirdi. Həmin tarixdən sonra artıq Ermənistan ordusu müdafiə mövqelərini itirir, geri çəkilməyə məcbur olurdu. Bu mərhələ müharibənin psixoloji mənzərəsini də dəyişdi – həm Azərbaycan xalqında, həm də beynəlxalq ictimaiyyətdə Azərbaycanın qələbəyə doğru getdiyi aydın görünürdü.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər gün xalqa müraciətləri zamanı səsləndirdiyi “Filan kənd azad edildi” sözləri xalqın ruh yüksəkliyini daha da artırırdı. 25 oktyabrda Qubadlının azad edildiyi xəbəri yayılanda isə bu, artıq qələbənin yaxın olduğunun simvoluna çevrildi. O gün təkcə Qubadlı sakinləri deyil, bütün Azərbaycan xalqı sevinirdi, çünki bu hadisə müharibənin taleyini dəyişən bir mərhələ idi.
Qubadlının azadlığı həm də ordumuzun taktiki bacarığının və müasir hərbi strategiyanın uğurlu tətbiqinin göstəricisi oldu. Döyüşlərdə yüksək texnologiyalardan, pilotsuz uçuş aparatlarından, çevik manevrlərdən istifadə düşməni çaşqın vəziyyətə saldı. Bu uğur Azərbaycanın hərbi sisteminin nə qədər gücləndiyini və ordunun peşəkarlıq səviyyəsinin artdığını sübut etdi.

Müharibənin dönüş nöqtəsi olan bu qələbə, sonrakı günlərdə Şuşa əməliyyatının başlanmasına və noyabrın 10-da tam Qələbə Bəyannaməsinin imzalanmasına aparan yolu açdı. Azərbaycan öz torpaqlarını hərb və diplomatiya gücü ilə azad etdi.

Bu gün biz Qubadlının azad olunduğu 25 oktyabrı yalnız bir qələbə günü kimi deyil, həm də tariximizin istiqamətini dəyişən, xalqımızın iradə və birliyinin təntənəsi kimi qeyd edirik. Müharibənin gedişatında dönüş nöqtəsi olan bu gün sübut etdi ki, haqqın tərəfində olan xalqı heç bir güc məğlub edə bilməz.

Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button