
25 oktyabr Azərbaycan tarixində xüsusi yerə malik gündür – bu tarix doğma Qubadlının işğaldan azad olunduğu, şəhərin azad nəfəs aldığı gündür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qubadlını düşmən tapdağından azad edərək tarixi ədaləti bərpa etdi. O gündən etibarən 25 oktyabr “Qubadlı şəhər günü” kimi qeyd olunur və bu, hər bir azərbaycanlının qəlbində qürur, sevinc və iftixar hissi yaradır.
Qubadlı Azərbaycanın ən gözəl bölgələrindən biridir. Təbiətinin füsunkarlığı, zəngin tarixi, qədim abidələri və zəhmətkeş insanları ilə tanınan bu diyar uzun illər işğal altında qalsa da, heç vaxt unudulmadı. Hər bir qubadlı sakini doğma torpağına dönəcəyi günü ümidlə gözlədi. Və həmin gün 2020-ci ilin 25 oktyabrında gəldi – Qubadlı azad edildi, Azərbaycan bayrağı yenidən şəhər üzərində ucaldı.
Bu gün Qubadlıda geniş bərpa və yenidənqurma işləri aparılır. Şəhərdə müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yeni Qubadlı formalaşır. Bu layihələr həm regionun sosial-iqtisadi inkişafına, həm də keçmiş məcburi köçkünlərin rahat şəkildə doğma yurdlarına qayıtmasına xidmət edir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qubadlıda həyata keçirilən layihələr bölgənin gələcəyinə inamı daha da gücləndirir. Hər bir yeni tikili, hər bir abadlıq işıqlı gələcəyə atılan addımdır. Qubadlı yenidən dirçəlir, yenidən doğulur.
Qubadlı şəhər günündə həm şəhərin qəhrəman müdafiəçiləri, həm də azadlıq uğrunda canını fəda edən şəhidlər ehtiramla yad olunur. Onların göstərdiyi igidlik və qəhrəmanlıq sayəsində bu gün Qubadlı azad və qüdrətli Azərbaycanın bir parçasıdır.
Bu gün Qubadlının hər daşı, hər bulağı, hər ağacı azadlığın simvoluna çevrilib. 25 oktyabr təkcə Qubadlı sakinləri üçün deyil, bütün Azərbaycan üçün qürur günüdür. Qubadlıya qayıdış Vətən sevgisinin, milli birliyin və dövlətimizin gücünün təntənəsidir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri