
“8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə bir bayram Azərbaycan qadınının tarix boyu göstərdiyi şücaətin, müdrikliyin və fədakarlığın təntənəsidir. Azərbaycan qadını əsrlər boyu xalqımızın mənəvi dayağı, ailənin sütunu, dövlətçiliyimizin etibarlı qoruyucusu olmuşdur. Onun cəmiyyət həyatındakı rolu sadəcə sosial çərçivələrlə məhdudlaşmamış, siyasi, hərbi, mədəni və elmi sahələrdə də öz parlaq təzahürünü tapmışdır. Azərbaycan tarixinin ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da qadınların qəhrəmanlıq obrazı xüsusi yer tutur. Bu dastan sübut edir ki, Azərbaycan qadını həm də Vətənin keşiyində dayanan mərd bir simadır. Tariximizdə iz qoymuş Möminə Xatun, Sara Xatun, Tomris kimi lider qadınlar dövlət idarəçiliyində müdrik qərarları və siyasi uzaqgörənlikləri ilə seçilmişlər. Onlar sübut ediblər ki, qadın zəkası və iradəsi dövlətçilik tariximizin formalaşmasında mühüm rol oynamışdır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan qadınının hüquq və azadlıqları sahəsində qazandığı nailiyyətlər də xüsusi qeyd olunmalıdır. Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilməsi xalqımızın mütərəqqi və demokratik düşüncəsinin bariz nümunəsidir. Bu addım qadınların ictimai-siyasi həyatda fəal iştirakına geniş yol açmış, onların cəmiyyətin inkişafında rolunu daha da möhkəmləndirmişdir. Müstəqillik dövründə qadın siyasətinin institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndər qadınların ölkə həyatının bütün sahələrində fəal iştirakını təmin etmək üçün mühüm fərman və sərəncamlar imzalamış, dövlət qadın siyasətinin əsasını qoymuşdur. Onun təşəbbüsü ilə qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm qanunlar qəbul edilmişdir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar bu siyasətin hüquqi dayaqlarını möhkəmləndirmişdir.
O əlavə edib ki, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının beynəlxalq nüfuzunu daha da artırmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar və mədəni layihələrlə ölkəmizin “yumşaq güc” siyasətinə mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsləri Azərbaycan qadınının mərhəmətini, intellektual potensialını və liderlik qabiliyyətini bütün dünyaya nümayiş etdirir. Statistik göstəricilər də qadınların cəmiyyət həyatındakı artan rolunu təsdiqləyir. Əhalinin yarıdan çoxunu təşkil edən qadınlar əmək bazarında, sahibkarlıq sahəsində, dövlət idarəçiliyində və parlamentdə fəal təmsil olunurlar. Yerli özünüidarəetmə orqanlarında və dövlət qulluğunda qadınların sayının artması gender siyasətinin real nəticələrini əks etdirir. Qadınlarımız bu gün elm və təhsildə, səhiyyədə, mədəniyyətdə, idmanda, hətta ordu quruculuğunda belə şərəflə xidmət edirlər. Onlar həm ana kimi müqəddəs dəyəri uca tutur, həm də vətəndaş kimi dövlətə sədaqətlə xidmət göstərirlər.
Onun sözlərinə görə, müasir Azərbaycan qadını həm milli-mənəvi dəyərlərə sadiqdir, həm də qlobal çağırışlara cavab verən bilik və bacarıqlara malikdir. 8 Mart münasibətilə demək olar ki, güclü qadın güclü cəmiyyət deməkdir. Azərbaycan qadınının zəhməti, müdrikliyi və əzmi ölkəmizin tərəqqisinin əsas sütunlarından biridir. Onun qazandığı hər uğur dövlətimizin uğurudur, onun inkişafı isə Azərbaycanın sabahına atılan inamlı addımdır.



