
“Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin müzakirəsində oynadığı mühüm rolu vurğulamaqla yanaşı, müasir qlobal düzənin əsas problemlərini də işıqlandırır. Dövlət başçımız dünya nizamının dəyişdiyini, beynəlxalq təşkilatların etibarlılığının zəiflədiyini və yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın milli maraqlarını qoruma siyasətinin uğurlu model olduğunu diqqətə çatdırıb”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri mövcud dünya nizamının artıq keçmişdə qaldığı fikri olub. O, beynəlxalq ictimaiyyətin hansı model üzrə fəaliyyət göstərəcəyinin hələ aydın olmadığını, lakin hər bir dövlətin öz daxili resurslarına güvənməli olduğunu vurğulayıb. Azərbaycanın Qarabağ məsələsində beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğunu və buna baxmayaraq, öz resurslarına arxalanaraq ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Dövlət başçımız bəzi beynəlxalq təşkilatların ya gücsüzlük nümayiş etdirdiyini, ya da tamamilə iflic olduğunu bildirib. O, gələcəkdə dövlətlərin daha çox ikitərəfli münasibətlərə önəm verəcəyini qeyd edərək, qlobal idarəçilik modelində dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dövlət başçımız Azərbaycanın heç bir beynəlxalq təsisata və ya xarici gücə bel bağlamadığını, öz milli maraqlarını müstəqil şəkildə qoruduğunu bildirib. O, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti misal gətirərək, dövlətlərin öz gələcəyini özlərinin müəyyən etməsinin vacibliyini qeyd edib.
Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlərdə tutduğu strategiyanın əsaslarını ortaya qoyur. O, qlobal dəyişikliklərə realist yanaşaraq, milli maraqların qorunmasını və regional sabitliyin təmin edilməsini prioritet kimi qeyd edib. Müsahibə Azərbaycanın müstəqil və öz resurslarına əsaslanan siyasət yürütməsinin uğurlu bir model olduğunu bir daha təsdiqləyir.