
“20 Sentyabr Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin məntiqi davamı olaraq ölkənin bütün ərazisində mütləq suverenliyin bərqərar edilməsi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, sarsılmaz siyasi iradəsinin və dəqiq hesablanmış hərbi-strateji qərarlarının yekunudur. Sentyabrın 20-nin ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü və Dövlət Suverenliyi Günü kimi təsis edilməsi dövlət başçısının milli dövlətçilik memarındakı müstəsna xidmətlərinin rəsmi təsdiqidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat 43 dəqiqə ərzində icra olunan əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi yad ünsürlərdən tam təmizlənmiş, düşmən tərəfinin nəhəng hərbi infrastrukturuna (310 nəfər canlı qüvvə, çoxsaylı artilleriya, zenit kompleksləri, 18 mindən çox atıcı silah və 1700-dən artıq müxtəlif texnika) sarsıdıcı zərbə vurulmuşdur. Bu əməliyyat Prezident İlham Əliyevin Azərbaycan ərazisində hər hansı qeyri-qanuni silahlı birləşmənin mövcudluğuna qətiyyən yol verilməyəcəyi ilə bağlı bəyanatlarının praktiki və hərbi müstəvidə reallaşması idi. Prezident İlham Əliyevin prinsipial siyasəti nəticəsində Azərbaycan ərazisində onilliklər ərzində mövcud olmuş separatçı rejimin fəaliyyətinə və onun hərbi-siyasi strukturlarına birdəfəlik son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkə ərazisindən çıxarılması ölkəmizin suverenliyinin tam təmin edilməsi və bütün respublika ərazisində Konstitusiya quruluşunun bərpa olunması ilə nəticələndi.
“Dövlət başçısının bu prosesdəki xidmətinin ən ali simvolik və siyasi aktı 2023-cü il oktyabrın 15-də gerçəkləşdi. Prezident İlham Əliyevin şəxsən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması mütləq suverenliyin dövlət səviyyəsində elanı və milli ədalətin bərpası aktı olaraq tarixə düşdü”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, dövlət başçısının 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla 20 sentyabr tarixinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu nəzərə alaraq 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalaması dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malikdir. Sentyabrın 20-nin ölkəmizdə rəsmi olaraq Dövlət Suverenliyi Günü elan edilməsi mütləq dövlət hakimiyyətinin bərpasının əbədiləşdirilməsidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ardıcıl, düşünülmüş və qətiyyətli siyasəti ilə Azərbaycan Respublikasının müasir hüdudlarında suverenliyi, qanunun aliliyini və ərazi bütövlüyünü tam bərpa edən Lider kimi dövlətçilik tariximizdə yeni bir epoxanın əsasını qoymuşdur.



