AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Prezident İlham Əliyevin təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan dövləti öz gücünü qanunla yanaşı, ədalət və mərhəmətdən alır

“Müasir Azərbaycan dövlətinin əsasları Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuş, qəbul edilən Konstitusiya isə müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini və hüquqi yetkinliyini bir daha nümayiş etdirir. Bu addım güclü dövlət-güclü cəmiyyət modelinin bariz ifadəsidir”

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Humanizm cinayət-hüquq siyasətində də əsas xətt kimi çıxış edir və amnistiya təşəbbüsü bu yanaşmanın real təzahürüdür. Suverenliyimizin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin edildiyi tarixi mərhələdə 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini göstərir. Amnistiya Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarını, şəhid və itkin düşmüş şəxslərin yaxınlarını, qadınları, yaşlıları və digər sosial həssas qrupları əhatə edir.

Onun sözlərinə görə, bu amnistiya 20 mindən çox şəxsə şamil olunacaq və müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktı olacaq. Bu qərar minlərlə insanın cəmiyyətə yenidən qayıdışına və sosial reinteqrasiyasına şərait yaradacaq. Ümumilikdə, ötən illər ərzində qəbul edilən amnistiya və əfv aktları Azərbaycanda humanizmə əsaslanan ardıcıl dövlət siyasətinin mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyevin təşəbbüsü isə bir daha sübut edir ki, Azərbaycan dövləti öz gücünü qanunla yanaşı, ədalət və mərhəmətdən alır.

Oxşar Xəbərlər

Back to top button