AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Şuşa şəhəri günü Azərbaycan dövlətçiliyinin, milli birliyin və mədəni irsin təntənəsidir

8 noyabr – Zəfər Günü kimi xalqımızın yaddaşına həkk olunduğu kimi, 8 may – Şuşa şəhəri günü də müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən önəmli hadisələrdən biridir. Şuşanın işğaldan azad edilməsi milli iradənin, siyasi müdrikliyin və tarixi ədalətin bərpası idi.

1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan Şuşa 28 il boyunca xalqımızın qəlbində nisgil yaradan bir ad idi. Ancaq 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşa əməliyyatı ilə bu nisgili qürura çevirdi. Şuşanın azadlığı ilə Vətən müharibəsi başa çatdı və Azərbaycan tarixində yeni bir mərhələnin – Zəfər dövrünün təməli qoyuldu.

Bu qələbə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticəsidir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan Ordusu, iqtisadiyyatı, diplomatik nüfuzu və xalqın milli həmrəyliyi möhkəmləndi. Şuşanın azadlığı həm dövlətin gücünün, həm də xalqın birliyinin təntənəsi oldu.

Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının və İslam mədəniyyətinin fəxarət məkanıdır. 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması şəhərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım idi. Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə “Şuşa şəhəri günü”nin təsis edilməsi, bu müqəddəs məkanın dövlət səviyyəsində simvolik və mədəni statusunu daha da möhkəmləndirdi.

Hazırda Şuşanın bərpası və yenidən qurulması prosesi Azərbaycanın iqtisadi və memarlıq gücünü, həm də xalqın mənəvi dirçəlişini nümayiş etdirir. Qısa müddətdə şəhərdə yollar, infrastruktur, yaşayış binaları, sosial obyektlər, məktəblər və mədəniyyət ocaqları bərpa olunur. Ənənəvi “Xarıbülbül” musiqi festivalının yenidən bərpa edilməsi, “Vaqif poeziya günləri”nin keçirilməsi Şuşanın mədəni ruhunun dirçəlişini göstərir.

Şuşa həm də Azərbaycanın diplomatik simvoluna çevrilib. Burada keçirilən beynəlxalq tədbirlər, dövlət başçılarının görüşləri, Şuşa Bəyannaməsi kimi tarixi sənədlər Azərbaycanın regionda aparıcı rolunu və müstəqil siyasətini bir daha təsdiqləyir.

Bu gün Şuşaya qayıdış xalqın öz kimliyinə, tarixə və milli ruhuna dönüşüdür. Şuşa azad edildiyi kimi, onun hər daşı, hər səsi, hər nəfəsi Azərbaycanın əbədi mülkiyyəti kimi qorunur və inkişaf etdirilir.

Beləliklə, Şuşa şəhəri günü Azərbaycan dövlətçiliyinin, milli birliyin və mədəni irsin təntənəsidir. Şuşanın işıqlı sabahı isə bu gün atılan möhkəm təməllər üzərində inşa olunur.

Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button