Şəhid Ceyhun Əhmədxanovun əziz xatirəsi anılıb
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən Əhmədxanov Ceyhun Xanlar oğlunun şəhadətə ucaldığı gündən bir il ötür.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Ceyhun Əhmədxanov hadisə zamanı şəhid olub.
Reportyorinfo.az AZƏRTAC-a istinadən bildirilir ki, şəhidin ildönümü mərasimində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ceyhun Əhmədxanovun məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra şəhid ailəsinin üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunub.
Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.