Qəzaya uğrayan Bakı-Qroznı sərnişin təyyarəsinin hüzünlü hadisələri ilə əlaqədar olaraq, dekabrın 29- da Prezidentimiz ekipaj üzvlərini təltif etmişdir. Onlardan, Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı- ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı, Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı olan İqor Kşnyakin sözün əsl mənasında özünü şəhid edib, insanlarımızın bir çoxunun həyatını xilas edə bildi. 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olan pilot ilk təhsilini Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində pilot ixtisası üzrə alıb. Həmçinin, Rusiya Dövlət Hidrometroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib. Hava Gəmisi üzrə yenidən təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra həmin Hava Gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. İqor Kşnyakinin ölüm xəbəri bütün Azərbaycanı, eləcə də Bakı sakinlərini, onun yaxınlarını dərindən silkələdi. Onu tanıyanlar ölüm xəbərini eşitdikdən sonra yaşadığı binanın qarşısına toplaşaraq xatirəsinə ehtiramlarını ifadə edib, divara vurulmuş fotoşəkilinin önünə gül dəstələri düzüblər. Onun Bakıda təhsil aldığı məktəbin şagirdləri də pilotun evinin önünə gəlmişdilər. Şagirdlər İqor Kşnyanikin fotosu önünə gül dəstələri qoyub, xatirəsini anıblar.
Digər pilot- Aleksandr Kalyaninov çox gənc idi. O, 11 dekabr 1992-ci ildə Bakıda anadan olub, Bakı Avropa Liseyinin məzunudur. Ukrayna Milli Aviasiya Universitetində aviasiya nəqliyyatı ixtisası üzrə magistr dərəcəsini bitirib. Səsi səmalarda əbədi qalacaq Əliyeva Hökumə Cəlil qızı isə on ilə yaxın Azərbaycan Hava Yollarında çalışıb. Təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür.
Qəzadan sağ çıxmaq xoşbəxtliyi nəsib olan bələdçi Əsədov Zülfiqar Sərdar oğlu 30 ildən çoxdur Mülki Aviasiya sahəsində çalışır. O, başından, belindən, böyrəyindən xəsarətlər alıb. Digər bələdçimiz- Aydan Rəhimli “Rəşadət” ordeni alan ilk xanım kimi Azərbaycan tarixinə düşdü.
Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif edilən ekipaj üzvlərini- bu qəhrəmanları heç vaxt unutmayacağıq!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi