AnalitikaDünyaGündəmSiyasət

Sülh Azərbaycanın strateji seçimi və regionun gələcəyidir

Müasir Azərbaycanın həyata keçirdiyi uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi Zəfər qazandı, dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bununla da Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı və regionun gələcək inkişafı üçün möhkəm zəmin formalaşdı.

Azərbaycanın bu gün nümayiş etdirdiyi siyasi iradə qalib dövlət məsuliyyətinin ən parlaq nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik.” Bu fikirlər Azərbaycan dövlətinin postmünaqişə dövrünə baxışını, regionda qarşıdurmanın deyil, əməkdaşlığın tərəfdarı olduğunu bir daha təsdiq edir.

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və sonrakı dövrdə həyata keçirilən uğurlu siyasi-diplomatik addımlar nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təmin etdi. Bununla yanaşı, ölkəmiz qalib tərəf olmasına baxmayaraq, revanşizm siyasəti yürütməyərək Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Bu təşəbbüs Azərbaycanın sülhə sadiqliyinin və regionun gələcəyini əməkdaşlıq müstəvisində gördüyünün bariz ifadəsidir.

Bu gün artıq sülh ideyası yalnız siyasi bəyanat deyil, real prosesə çevrilib. Dövlət başçısının vurğuladığı “Sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq” fikri qarşıda duran əsas vəzifələri dəqiq müəyyənləşdirir. Davamlı sülh yalnız siyasi sənədlərlə deyil, qarşılıqlı etimadın formalaşdırılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi ilə möhkəmlənə bilər.

Azərbaycanın həyata keçirdiyi xarici siyasət beynəlxalq tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir. Avropa Komissiyasının regionda sülh təşəbbüslərinə dəstək göstərmək niyyəti Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq aləmdə rəğbətlə qarşılandığını nümayiş etdirir. Bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə, yeni iqtisadi layihələrin reallaşmasına və xalqlar arasında etimadın güclənməsinə mühüm töhfə verə bilər.

Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi xəttin mərkəzində də məhz güclü dövlət, milli həmrəylik və davamlı inkişaf dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün regionun aparıcı siyasi və iqtisadi gücünə çevrilib. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji, nəqliyyat və logistika layihələri Cənubi Qafqazın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır.

Ərazi iddialarından uzaq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər regionun davamlı inkişafının yeganə yoludur. Azərbaycan bu prinsipial mövqeyindən çıxış edərək sülhün alternativsiz olduğunu bütün dünyaya nümayiş etdirir. Dövlətimizin məqsədi yalnız əldə edilmiş tarixi Zəfəri qorumaq deyil, həm də onu uzunmüddətli sabitlik, iqtisadi tərəqqi və regional rifahın təminatına çevirməkdir.

Bu gün Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır. Bu gələcəyin memarı isə milli maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda sülhü strateji seçim kimi irəli sürən güclü Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz yeni dövrdə də regionda sabitliyin, inkişafın və tərəfdaşlığın əsas təminatçısı olaraq öz mövqeyini daha da möhkəmləndirəcək.

Kamran Kazımov,
YAP Astara rayon təşkilatı Astara Pedaqoji Kolleci üzrə ərazi partiya təşkilatının sədri, Filologiya Elmləri doktoru, Professor

Oxşar Xəbərlər

Back to top button