AnalitikaGündəmSiyasət

Şuşadan Qlobal Mediaya Yeni Çağırış Səsləndirildi

2025-ci ildə Qarabağın tacı Şuşa şəhərində keçirilmiş III Qlobal Media Forumu Azərbaycanın regional və beynəlxalq miqyasda artan nüfuzunun daha bir bariz nümunəsi oldu. Prezident İlham Əliyevin bu forum çərçivəsində etdiyi çıxış isə təkcə ölkənin media siyasətinə deyil, həm də qlobal proseslərə münasibətinə dair mühüm mesajlarla zəngin idi.

Artıq üçüncü ildir ki, belə mühüm tədbirin Qarabağda — Şuşa kimi strateji və mədəni baxımdan simvolik şəhərdə keçirilməsi, bu forumun ənənəyə çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, forum təkcə media nümayəndələrinin iştirakı ilə məhdudlaşmır. Burada qlobal gündəliyin əsas məsələləri, informasiya təhlükəsizliyi, süni intellektin informasiya məkanına təsiri və medianın transformasiyası kimi mühüm mövzular müzakirə edilir.

Bu da göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, regionun və dünyanın media və ictimai diskussiya mərkəzlərindən birinə çevrilməkdədir. Dövlət başçısı forumun keçirildiyi yerin — Xankəndidə yeni tikilmiş Konqres Mərkəzinin seçilməsinin simvolik əhəmiyyətini xüsusi vurğuladı. 30 ildən artıq müddətdə işğal altında qalmış ərazilərin azad edilməsindən sonra, bu torpaqlara həyatın qayıtdığını, quruculuq və bərpa proseslərinin geniş miqyasda həyata keçirildiyini xatırlatdı.

Bu həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyin və xalqın öz torpaqlarına bağlılığının təntənəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev öz çıxışında həmçinin forumun əhəmiyyətini iştirakçı ölkələrin sayının və coğrafi əhatəsinin ildən-ilə artması ilə əlaqələndirdi. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun, sabit və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

Azərbaycan artıq yalnız neft-qaz resursları ilə deyil, həm də sülh təşəbbüsləri, dialoq platformaları və mədəniyyət diplomatiyası ilə beynəlxalq səviyyədə öz sözünü deyir. Forum çərçivəsində müzakirə olunan mövzular, xüsusilə informasiya manipulyasiyası, dezinformasiya ilə mübarizə və medianın müasir çağırışlara uyğunlaşması məsələləri, dünyanın müxtəlif bölgələrindən gəlmiş ekspertlərin və jurnalistlərin diqqət mərkəzində idi.

Bu isə bir daha göstərdi ki, Şuşa Forumu sadəcə media nümayəndələrinin bir araya gəldiyi tədbir deyil, həm də qlobal informasiya təhlükəsizliyi və media gələcəyinin dizayn olunduğu strateji platformadır. Prezidentin çıxışında Şuşanın yenidənqurma prosesi, keçmiş məcburi köçkünlərin geri qayıdışı və bölgədə həyata keçirilən infrastruktur layihələri ilə bağlı verdiyi məlumatlar, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi strateji planın effektivliyini göstərir.

Eyni zamanda, bu çıxış dünya ictimaiyyətinə Azərbaycanın sülhə və dayanıqlı inkişaf strategiyasına sadiqliyinin ismarıcını verdi. Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mühüm söz sahibinə çevrildiyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın media siyasətində şəffaflıq, əməkdaşlıq və dialoqa verdiyi önəmin təzahürü olmaqla yanaşı, həm də dünya mediasına açıq çağırış idi: Şuşa azaddır, Şuşa dirçəlir və dünya buradakı həqiqətləri yerində görməlidir

İsmayıl Nağızadə
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button