AnalitikaGündəmMədəniyyətSiyasət

Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan istifadə edən mənfur düşmənlərimiz Qarabağda dinc əhaliyə qarşı ixtişaşlar törədərək ölkəmizin ərazisinin 20%-dən çoxunu işğal etmişdir. Həmin illərdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə dəvət edilmişdir. O dövrdə Azərbaycanın çətin vəziyyətdə olduğunu və gündən-günə torpaqlarımızın işğal olunması təhlükəsinin daha da artdığını görən ulu öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək yenidən ölkəmizə rəhbərlik etməyi, Azərbaycanı bu çətin vəziyyətdən çıxarmağı öz üzərinə götürmüşdür. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk öncə dərin siyasi zəkası ilə ölkədə özbaşınalıq və xaosun qarşısını alaraq sabitlik yaratmış və nizami ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Həmən dövrdən başlayaraq ölkəmiz dayanıqlı inkişafa qədəm qoymuş və bu gün zəfərləri ilə fəxr etdiyimiz Azərbaycan ordusunun təməlinin qoyulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Sonrakı dövrdə Azərbaycan həm daxildə iqtisadi inkişaf yolunu keçmiş, həm də ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya təcrübəsi qazanaraq ən müasir silahlarla təmin olunmuşdur. Cənab Prezidentin regionda sülhün yaranması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmasına baxmayaraq düşmənlərimiz işğal etdikləri torpaqları tərk etməmiş və yeni torpaqlarımızı işğal etmək üçün müxtəlif təxribatlar törətmişdir. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısı almaq üçün Müzəffər Ali baş Komandan İlham Əliyev ordumuza əks hücum əmri vermişdir. Bununla da 44 gün davam edən Vətən müharibəsinin nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqının daimi fəxr edəcəyi tarixi zəfərə imza atmışdır.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb.2022-ci il yanvarın 5-də Prezident cənabİlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button