
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdılıb.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi məlumatlarda 7 min, bəzilərində 8-12 min, hətta 40 min göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü göstərilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Soyqırmın bəhanəsi haqqinda bunları deyə bilərik.S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silahdaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Sovetinin hərbçiləri tərəfindən tərk-silah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. Regiona səfər edən ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi.
ABŞ tədqiqatçıları C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.
Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə milli düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, o zaman Bakıda təqribən 280-300 min nəfər əhali yaşayırdı. Onun təqribən 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.
Azərbaycan mənbələrində nə yazılır?
Müxtəlif siyasi cərəyanların maraqlarını əks etdirən Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumat mövcuddur. Məsələn, partiya mənsubiyyəti baxımından bolşevik olan N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində aşağıdakıları etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov 1919-cu ilin fevralında “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində yazırdı ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırıblar. Digər mənbələrə əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülüb.
Kütləvi qırğınlar təkcə Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdılıb.
Soyqırımını törədənlər istəklərinə nail ola bildilərmi?
Erməni daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.
Vüqar Nuriyev,
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin tarix müəllimi