
Dövlətlərarası təhlükəsizlik əməkdaşlığının əsas şərtlərindən biri qarşılıqlı etimaddır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı da təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin etimad mühitində inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edib. Prezident İlham Əliyev toplantı iştirakçılarını qəbul edərkən TDT ölkələri arasında mövcud siyasi, iqtisadi və humanitar əlaqələrin genişliyinə diqqət çəkib.
Təhlükəsizlik məsələlərində etimadın əhəmiyyəti xüsusilə məlumat mübadiləsi zamanı özünü göstərir. Dövlətlərin qarşılıqlı məlumat paylaşması üçün həm institusional, həm də siyasi etimad mexanizmlərinin formalaşması tələb olunur. Bu baxımdan müntəzəm görüşlər yalnız konkret məsələlərin müzakirəsi deyil, eyni zamanda təhlükəsizlik qurumları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirilə bilər.
TDT dövlətlərini birləşdirən tarixi, mədəni və dil yaxınlığı da qarşılıqlı əlaqələr üçün sosial baza formalaşdırır. Prezident İlham Əliyev çıxışında ortaq etnik köklər, dil, mədəniyyət və ənənələrin xalqları birləşdirdiyini qeyd edib. Bununla yanaşı, təhlükəsizlik əməkdaşlığının real nəticələri üçün siyasi yaxınlıqla yanaşı, konkret institusional mexanizmlərin də mövcud olması vacibdir. Təhlükəsizlik şuraları katiblərinin görüşləri belə mexanizmlərdən biridir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı bu baxımdan qarşılıqlı etimadın praktiki əməkdaşlığa çevrilməsi imkanlarını nümayiş etdirir. Prezident İlham Əliyevin toplantıda təhlükəsizlik dialoqunun inkişafına verdiyi diqqət TDT daxilində bu istiqamətin ayrıca institusional xətt kimi formalaşdığını göstərir. Gələcək görüşlərdə əldə olunan təcrübənin davam etdirilməsi qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yarada bilər.
Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini


