AnalitikaGündəmSiyasət

TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi

Türk Dövlətləri Təşkilatının son illərdə artan beynəlxalq fəallığı təşkilatın regional əməkdaşlıq platformasından daha geniş təsir imkanlarına malik quruma çevrildiyini göstərir. Prezident İlham Əliyev Bakıda TDT-nin təhlükəsizlik strukturlarının rəhbərləri ilə görüşündə təşkilatın beynəlxalq arenadakı rolunun və mövqeyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu yanaşma TDT üzv ölkələrinin malik olduğu siyasi, iqtisadi və coğrafi potensialın vahid əməkdaşlıq mexanizmləri vasitəsilə daha səmərəli istifadəsini nəzərdə tutur.

Təşkilatın beynəlxalq nüfuzunun artmasında üzv dövlətlərin yerləşdiyi coğrafiyanın xüsusi əhəmiyyəti var. Türk dövlətlərini birləşdirən məkan Avropa ilə Asiya arasında mühüm əlaqələndirici xətt formalaşdırır. Enerji ehtiyatları, nəqliyyat marşrutları və ticarət yolları baxımından bu coğrafiyanın əhəmiyyəti getdikcə artır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın da bu prosesdə mühüm tranzit və enerji mərkəzlərindən biri kimi çıxış etdiyi diqqətə çatdırılıb.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün yalnız siyasi bəyanatlar deyil, praktiki əməkdaşlıq mexanizmləri də əhəmiyyətlidir. Təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji, humanitar əlaqələr və rəqəmsal inkişaf kimi sahələrdə konkret layihələrin həyata keçirilməsi təşkilatın beynəlxalq çəkisinin artmasına təsir edə bilər. Prezident İlham Əliyevin çıxışında TDT-nin müxtəlif istiqamətlərdə fəal qarşılıqlı əlaqə platformasına çevrildiyini vurğulaması bunun üçün mövcud imkanların geniş olduğunu göstərir.

Bu baxımdan Azərbaycan TDT-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsini dəstəkləyən ölkələrdən biri kimi çıxış edir. Bakı müxtəlif formatlarda Türk dövlətlərinin bir araya gəlməsi üçün platforma rolunu oynayır. Prezident İlham Əliyevin təşəbbüsləri çərçivəsində keçirilən görüşlər və toplantılar təşkilat daxilində siyasi dialoqun intensivliyinə xidmət edir. TDT-nin gələcək inkişafı isə üzv dövlətlərin ümumi maraqları əsasında əməkdaşlıq mexanizmlərinin daha da möhkəmləndirilməsindən asılı olacaq.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button