
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının D. Əliyeva küçəsi 230 üzrə («Azərbaycan Dəmir Yolları» QSC) ərazi partiya təşkilatında müşavirə keçirilib. Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışına həsr olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının D. Əliyeva küçəsi 230 üzrə («Azərbaycan Dəmir Yolları» QSC) ərazi partiya təşkilatının sədri, “ADY” QSC sədrinin müavini Zaman Novruzov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, dövlət başçısının nitqində nəqliyyat və tranzit potensialı ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi diqqət çəkib. Zaman Novruzov xatırladıb ki, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatması gözlənilir, halbuki vaxtilə 3-4 milyon ton arzulanırdı. Partiya Sədrinin orta müddətdə bu göstəricini 30 milyon tona çatdırmaq hədəfinin ADY kollektivi qarşısında böyük məsuliyyət qoyduğunu bildirib. O, Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin cəlbediciliyinin artırılmasında dəmir yolu sektorunun roluna toxunub və kollektivin bu hədəfə çatmaq üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Partiya Sədrinin qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. O, Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqlardan da danışıb. Bu tapşırıqlar ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulması və Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasıdır.
Digər natiqlər Prezident İlham Əliyevin qurultaydakı nitqinin əsas məqamlarını diqqətə çatdırıblar. Onlar ölkənin strateji inkişaf hədəflərinin ardıcıl şəkildə həyata keçirilməsinin, milli maraqların qorunmasının və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Müşavirədə vurğulanıb ki, strateji hədəflərin reallaşdırılması və davamlı inkişafın təmin olunması bütün sahələrdə məqsədyönlü fəaliyyət, yüksək məsuliyyət, güclü intizam və birgə səylərin səfərbər edilməsini tələb edir. Bu baxımdan ADY əməkdaşlarının üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirməsi, fəaliyyətlərində dövlətçilik prinsiplərini rəhbər tutması mühüm əhəmiyyət kəsb edir. Dəmir yolu sektorunun inkişafı və ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyi də qeyd olunub. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kollektiv həmrəyliyin, təşəbbüskarlığın və hər bir əməkdaşın ümumi işə verdiyi töhfənin önəmi də diqqətə çatdırılıb.
Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.














