AnalitikaGündəmSiyasət

Türk Birliyi Güclənən Səsidir

2025-ci il oktyabrın 7-də Azərbaycanın qədim və tarixi şəhəri Qəbələ mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi — Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü burada keçirildi. Zirvənin keçirildiyi məkan təkcə simvolik deyil, həm də strateji xarakter daşıyırdı. Qəbələ vaxtilə Qafqaz Albaniyasının paytaxtı olmuş, mədəniyyətlərin və dövlətçilik ənənələrinin beşiyi sayılmış bir bölgədir. Bu mənada tədbirin burada baş tutması Türk dünyasının tarixi köklərinə verilən önəmin simvoludur. Zirvə görüşündə Prezident Cənab İlham Əliyev geniş çıxış edərək Türk dünyasının qarşısında duran vəzifələri, mövcud çağırışları və gələcəyə dair strateji istiqamətləri xüsusi vurğuladı. Bu məqalədə həmin çıxışın əsas məqamları və onların analitik təhlili təqdim olunur. Prezident Cənab İlham Əliyev çıxışında TDT-nin artıq sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi aktor kimi fəaliyyət göstərdiyini bəyan etdi. Onun sözlərinə görə, Türk dövlətləri ortaq tarixi, dil, mədəniyyət və dəyərlər əsasında birləşərək beynəlxalq arenada öz mövqelərini gücləndirməkdədirlər. “Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”, — deyə dövlət başçısı bildirdi. Bununla yanaşı, İlham Əliyev Azərbaycanın təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etməsini qeyd edərək, ölkənin təşkilata dəstəyini konkret şəkildə nümayiş etdirdi. Çıxışda Prezident sülh və təhlükəsizlik məsələlərinə xüsusi önəm verdi. O vurğuladı ki, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişi bu məsələləri əsas məqsəd və vəzifələr sırasına daxil etmişdir. Zirvənin əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” kontekstində İlham Əliyev türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini önə çəkdi. O bildirdi ki, müasir dünyada təhlükəsizlik təmin olunmadan davamlı inkişaf mümkün deyil. Prezident çıxışında konkret təkliflərlə də çıxış etdi. Onlardan biri — 2026-cı ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü oldu. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və vahid müdafiə konsepsiyasının formalaşdırılması baxımından əhəmiyyətli addımdır. Bu təşəbbüs eyni zamanda regionda sabitliyin və qarşılıqlı güvənin artırılmasına xidmət edə bilər. Prezdent Cənab İlham Əliyevin bu təklifi TDT-nin yalnız iqtisadi və mədəni deyil, həm də təhlükəsizlik yönümlü quruma çevrildiyinin göstəricisidir. Prezdent Cənab İlham Əliyevin çıxışında TDT ölkələrinin malik olduqları imkanları sadalayaraq qeyd etdi ki, demoqrafik baxımdan gənc əhali, zəngin təbii sərvətlər, mühüm geostrateji mövqe və inkişaf etməkdə olan nəqliyyat-logistika infrastrukturu təşkilatın gələcək inkişafı üçün mühüm potensial yaradır. İlham Əliyev bu çərçivədə Azərbaycanda yaranmış sabitlik və inkişaf dinamikasının Türk dünyasının bir parçası olaraq digər ölkələrə də nümunə ola biləcəyini vurğuladı. Prezdent Cənab İlham Əliyevin bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd etdi. Şuşa və Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşləri təşkilatın çevikliyini və adaptasiya qabiliyyətini artıran mühüm addımlar kimi qiymətləndirildi. Bundan əlavə, Prezident Cənab İlham Əliyev çıxışında “TDT+” formatının yaradılmasını və TÜRKSOY-un gücləndirilməsini dəstəklədiyini bildirdi. Bu, təşkilatın coğrafiyasını və təsir dairəsini genişləndirmək məqsədi daşıyır.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button