
21-ci əsrin beynəlxalq münasibətlər sistemində regional təşkilatların rolu artmaqda davam edir. Bu təşkilatlar arasında Türk Dövlətləri Təşkilatı (TDT) öz dinamik inkişafı və artan təsir dairəsi ilə xüsusilə diqqət çəkir. Tarixi, mədəni, dil və ortaq mənəvi köklərə əsaslanan bu qurum, son illərdə yalnız mədəni və humanitar sahədə deyil, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində də əhəmiyyətli aktora çevrilməkdədir. Bu baxımdan, TDT artıq yalnız ortaq kimliyi qoruyan bir platforma deyil, eyni zamanda ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan müqaviləsi ilə rəsmi şəkildə yaradılmış və o zamandan bəri tədricən üzvləri arasında inteqrasiyanı dərinləşdirmişdir. Hazırda təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tamhüquqlu üzv olaraq daxildir, Türkmənistan və Macarıstan isə müşahidəçi statusundadır. Coğrafi baxımdan Avropa və Asiyanı birləşdirən, zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olan bu ölkələr geosiyasi baxımdan əhəmiyyətli mövqedə yerləşir.
TDT-nin güclənməsinə təsir edən əsas amillərdən biri bölgədə baş verən qlobal və regional güc dəyişiklikləridir. Qərb və Rusiya arasında gərgin münasibətlər, Çin-in “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və digər beynəlxalq proseslər TDT üzvü olan ölkələri daha sıx əməkdaşlığa vadar edir. Bununla yanaşı, təşkilat daxilində birgə hərbi təlimlərin keçirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı (məsələn, Zəngəzur dəhlizi, Orta Dəhliz) və iqtisadi forumların təşkili TDT-nin real təsir imkanlarını artırır.
Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanın regiondakı mövqeyi güclənmiş, Türkiyə ilə münasibətləri strateji səviyyəyə yüksəlmiş və bu proses TDT-nin nüfuzuna da müsbət təsir etmişdir. Artıq təşkilat üzvləri təkcə ortaq tarix deyil, həm də ortaq gələcək üçün əməkdaşlıq platforması formalaşdırmağa çalışırlar. Azərbaycanın ev sahibliyi etdiyi sammitlər və yüksək səviyyəli görüşlər bu baxımdan əlamətdardır.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız ideoloji və mədəni əsaslara söykənən bir birlik deyil, geosiyasi aktor kimi formalaşma mərhələsindədir. Təşkilat daxilində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli, dəyişən dünya düzənində türk dünyasının daha fəal rol oynamasına imkan yaradır. TDT-nin gələcək perspektivləri onun üzvlərinin siyasi iradəsi, iqtisadi potensialı və ortaq strateji hədəfləri ilə birbaşa bağlıdır. Bu baxımdan, TDT-nin güclənməsi təkcə türk dünyasının deyil, Avrasiya məkanının ümumi geosiyasi mənzərəsinə ciddi təsir göstərə bilər.
Mətanət Cəfərova ,
Yeni Azərbaycan Partiyası , məsləhətçi