
21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə Türk dünyasının gələcəyi, siyasi və iqtisadi inteqrasiya məsələləri müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə tədbirin diqqətçəkən məqamlarından biri oldu.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə artan nüfuzuna diqqət çəkərək, bu qurumun üzv ölkələr arasında həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında formalaşdığını vurğuladı. O, Türk dünyasının vahid siyasi iradə ətrafında birləşməsinin vacibliyini qeyd etdi və bildirdi ki, bu birlik gələcək nəsillər üçün sabit və rifahlı bir regional sistemin əsasını qoyacaq. Prezident Azərbaycanın Türk dövlətləri ilə əlaqələrinin dərin tarixi köklərə dayandığını və bu əlaqələrin son illərdə yeni dinamika qazandığını bildirdi. O, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələrinin Türk dünyasının iqtisadi gücünü birləşdirən əsas vasitələrdən olduğunu qeyd etdi. Xüsusilə Orta Dəhliz layihəsinin Türk dövlətləri üçün strateji əhəmiyyət daşıdığını vurğuladı və bu dəhlizin regionun nəqliyyat xəritəsində mühüm yer tutduğunu bildirdi.
İlham Əliyev çıxışında, Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə nəticəsində yaranan yeni regional reallıqlara da toxundu. O, bu reallığın Türk dünyası üçün əməkdaşlıq imkanlarını daha da genişləndirdiyini və Azərbaycanın bu prosesdə aparıcı rol oynadığını dedi. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işlərinin Türk dövlətləri üçün əməkdaşlıq platformasına çevrildiyini diqqətə çatdırdı.
Macarıstanda keçirilən görüşü yüksək qiymətləndirən Prezident, bu ölkənin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığını strateji dəyərə malik hesab etdi. O, Macarıstanı Türk dünyasının Avropadakı etibarlı tərəfdaşı kimi təqdim etdi və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi.
İlham Əliyev çıxışının sonunda beynəlxalq miqyasda artan geosiyasi təhdidlər fonunda Türk dövlətlərinin həmrəyliyinin və ortaq fəaliyyətinin əhəmiyyətini vurğuladı. O, gələcək çağırışlara qarşı birgə cavab vermək üçün siyasi iradənin və institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirdi.
Prezidentin çıxışı, Türk dünyasında birlik və əməkdaşlıq ideyasının daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın bu birliyin formalaşmasında oynadığı lider rolu bir daha öz təsdiqini tapır.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi