AnalitikaGündəmSiyasət

Türk dünyasının birliyi: Qəbələdən yüksələn mesajlar verildi

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu möhtəşəm tədbir bir daha göstərdi ki, Türk dünyası artıq regional əməkdaşlıq formatından qlobal güc mərkəzinə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi fikirlər həm strateji baxımdan, həm də mənəvi-ideoloji məzmununa görə mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Türk dövlətlərini birləşdirən əsas dayaqlardan – ortaq tarixi, etnik köklərdən və dillərdən bəhs edərək qeyd etdi ki, bu bağlar bizi bir ailə kimi birləşdirir. Doğrudan da, türkləri birləşdirən təkcə siyasi maraqlar deyil, əsrlərlə formalaşmış ortaq kimlik, mədəniyyət və dəyərlərdir. Məhz bu dəyərlər sayəsində Türk Dövlətləri Təşkilatı bu gün həm regional, həm də beynəlxalq arenada öz sözünü deyən, qlobal proseslərə təsir edən bir platformaya çevrilib.

Prezident İlham Əliyev çıxışında tarixə xüsusi vurğu edərək 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın əhəmiyyətini xatırlatdı. Həmin Qurultay türk xalqlarının elmi, ədəbi və mədəni birliyinin əsasını qoyan tarixi hadisə olmuşdur. Dövlət başçısı gələn il – 2026-cı ildə bu möhtəşəm hadisənin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Bu təşəbbüs, şübhəsiz ki, ortaq tariximizin, dilimizin və mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım olacaq.

Azərbaycan Prezidentinin “Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir” sözləri Türk dünyasının gələcək hədəflərini dəqiq ifadə edir. Bu, yalnız siyasi bəyanat deyil, eyni zamanda türk birliyinin strateji istiqamətini müəyyən edən yol xəritəsidir.

Zirvə toplantısında həmrəylik ruhu, qarşılıqlı dəstək və qardaşlıq hissi bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyev çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə bütün qardaş ölkələrə təşəkkürünü bildirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəb və Türkmən qardaşlarımızın təşəbbüsü ilə təməli qoyulan Füzuli məscidi — bunlar sadəcə tikililər deyil, türk birliyinin canlı rəmzləridir. Qardaş Türkiyənin şirkətləri tərəfindən inşa edilən tunellər, körpülər və yollar da bu həmrəyliyin real təzahürüdür.

Azərbaycan xalqı bu dəstəyi minnətdarlıqla qarşılayır və heç vaxt unutmur. Çünki bu layihələr təkcə infrastrukturun deyil, həm də qardaşlığın bərpasıdır. Qardaş ölkələrin Qarabağın bərpasında iştirakı Türk birliyinin təkcə siyasi deyil, mənəvi mahiyyətini də gücləndirir.

Qəbələ Zirvəsi göstərdi ki, Türk dünyası qarşılıqlı hörmət, güvən və ortaq məqsədlər əsasında birləşərək yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bu birlik regional sabitlik, iqtisadi əməkdaşlıq və mədəni tərəfdaşlıq baxımından mühüm potensiala malikdir. Türk dövlətlərinin ortaq səsi artıq beynəlxalq münasibətlər sistemində nəzərə alınan faktordur.

Prezident İlham Əliyevin Qəbələdə səsləndirdiyi mesajlar, Türk birliyinin gələcəyinə yönəlmiş strateji baxışı, Azərbaycan diplomatiyasının və milli maraqlarının regional miqyasda möhkəmlənməsinin bariz göstəricisidir. Türk dünyası bir ailə kimi birləşdikcə, bu ailənin hər bir üzvü daha güclü, daha müstəqil və daha təhlükəsiz olacaq.

İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button