
Sentyabrın 15-də Azərbaycan paytaxtı növbəti dəfə qlobal və regional miqyasda mühüm bir toplantıya ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət mötəbər nümayəndə heyətini qəbul etdi. Dövlət başçısının qardaş ölkələrin və Şimali Qafqaz respublikalarının müftiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi bu görüş, Azərbaycanın yalnız siyasi deyil, həm də mənəvi mərkəz olaraq İslam həmrəyliyinə verdiyi əvəzsiz töhfənin göstəricisidir. Prezident İlham Əliyev öz çıxışında belə nümayəndə heyətlərinin Azərbaycanda bir araya gəlməsinin tarixi rəmzi məna daşıdığını və dünyaya çox gözəl barış mesajları verdiyini xüsusi vurğuladı.
Görüş zamanı dövlətimizin başçısı Azərbaycanın zəngin tarixi-mədəni irsini və bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətləri xatırlatdı. O qeyd etdi ki, Bakıda eyni vaxtda həm dini rəhbərlərin toplantısının, həm də XV əsrin böyük mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsi təsadüfi deyil. Prezident İlham Əliyev Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin irsinin bütün İslam aləmi üçün böyük dəyər olduğunu bildirdi. Bununla yanaşı, o, Azərbaycanın həm Qafqaz, həm də Türk dünyasının tərkib hissəsi olduğunu, Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin paytaxtı Naxçıvanın timsalında bu iki coğrafiyanın tarixən və mənəvi cəhətdən vəhdət təşkil etdiyini qonaqların diqqətinə çatdırdı.
Çıxışında dünyadakı mürəkkəb proseslərə toxunan Prezident İlham Əliyev, İslam dünyasında sülhün və birliyin təmin edilməsi istiqamətində Azərbaycanın qətiyyətli mövqeyini ifadə etdi. Müsəlman icmaları üçün dini liderlərin hər bir sözünün dəyərli olduğunu bildirən dövlət başçısı vurğuladı ki, əgər bu sözlər əmin-amanlığa xidmət edirsə, bölgədə sülh bərqərar olacaq. Prezident xatırlatdı ki, Azərbaycan həmişə İslam həmrəyliyini əməli addımlarla dəstəkləyir; 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları və gələn il ölkəmizdə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü bu siyasətin bariz nümunələridir. Dövlət başçısı İslam dininə zərbə vurmaq istəyən qüvvələrin qarşısının yalnız müştərək səylərlə və vahid bir ailə kimi birləşməklə alına biləcəyini bəyan etdi.
Prezident İlham Əliyev nümayəndə heyətinin Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin əhəmiyyətini də vurğuladı. O, Ermənistanın 30 illik işğalı zamanı xalqımıza qarşı törətdiyi vəhşilikləri, o cümlədən 65 məscidin tamamilə dağıdılaraq içərisində heyvan saxlanıldığını İslam dünyasına qarşı təhqir adlandırdı. Lakin dövlət başçısı qürurla qeyd etdi ki, Azərbaycan xalqı və Ordusu öz gücü hesabına bu ədalətsizliyə son qoydu. Hazırda işğaldan azad edilmiş ərazilərdə 90 mindən çox insanın məskunlaşdığını bildirən Prezident, Müzəffər dövlətimizin quruculuq missiyasını və erməni vandalizminin izlərinin sürətlə aradan qaldırıldığını diqqətə çatdırdı.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



